KÖŞƏ

Sevinc Azadi

Qərəzli alman gedişi

31 mart 2021 02:57
1806

Almaniya mətbuatına Azərbaycanı ləkələmək üçün aparılan böhtan kampaniyası kimə və nəyə lazımdır?

Almanların Azərbaycana qərəzli, məkrli və hətta riyakar münasibəti yeni məsələ deyil. Yeni əsrin ilk illərindən, Prezident İlham Əliyevin Azərbaycanı sürətli inkişaf yoluna çıxardığı tarixdən biz almanların ölkəmizə qarşı soyuq münasibətlərinin şahidiyik. Bu münasibət haradan yaranırdı? Məhz həmin tarixdən etibarən Almaniya Avropada yeganə söz sahibi olmaq üçün qitənin bütün ölkələrinə total təzyiqlər göstərməyə, hamını gözüqıpıq eləməyə çalışırdı. Elə bir istəyin “çiçəkləndiyi” zamanda gənc müstəqil dövlət olan Azərbaycanın qitə miqyasında söz sahibinə çevrilməsi görünür bu ölkənin xoşuna gəlmirdi.  Həmin “narahatlıqlar” isə sonradan ölkəmizə qarşı genişmiqyaslı təzyiqlərə çevrilmişdi. Sual yaranır: Əgər aramızda dostluq münasibətləri varsa, onda ortadakı riyakarlıqlar haradan qaynaqlanır? Azərbaycana qarşı absurd və bir çox hallarda məkrli bəyanatlar kimə və nəyə xidmət edir?

Çox da uzaq olmayan 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçiriləndə “Köhnə qitə” idman müsabiqəsindən zövq aldığı vaxt, Almaniya mediası dalanlarda problem axtarışında və küçəyə döşənmiş daşların yalnış düzülüşünü belə siyasiləşdirməkdə idi. Almaniya bizə təkcə II Dünya müharibəsi, “alman hesabı”, neonasizmin vətəni və Şvaynştayqerlə yox, həm də səbəbsiz, səbəbli Azərbaycana qarşı “Attacke” taktikasına əl atan ölkə kimi tanışdır. Təkcə  onu demək kifayətdir ki, həmin il iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material vermişdi. Guya onlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmadığından narahatdırlar. Əslində isə insan hüquq və azadlıqları dünyanın bütün ölkələrinə nisbətən Almaniyada daha çox pozulur. 30 il erməni işğalına səssiz qalan Almaniyanın Vətən müharibəsində “Azərbaycanı atəşkəsi bərpa etməyə çağırması” da Bakıya qarşı dəyişməyən alman soyuqluğunun davamı idi. Və budur, müharibə başa çatıb, münaqişə həll olunub, amma Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti dəyişmir. Əlbəttə, ortada ermənipərəstlik və erməni diasporu faktoru da var. Almaniya Azərbaycanın Ermənistan üzərində qələbəsini həzm edə bilmir. Bunu hər dəfəsində isbat edən çox kiçik bir nüansa diqqət edək: Almaniyanın ölkəmizdəki səfiri bir dəfə də olsun diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə səfərlərinə qoşulmayıb. Səfir nümayişkaranə şəkildə, xüsusi təlimat əsasında bu səfərlərdən imtina edib.

Almaniya təkcə qərəzli münasibəti yox, həm də “söyüş müxalifəti”nin Avropadakı yuvası ilə tanınır. Söhbətin kimlərdən getdiyini Azərbaycan cəmiyyəti yaxşı bilir. “Söyüş müxalifəti”nin 2018-ci ildən başlanan mənəvi terroruna Almaniyanın niyə ev sahibliyi etməsinin səbəbini də yaxşı bilirik, amma burada məsələnin tamam fərqli tərəfi də gündəmə gəlir. Belə ki, sosial şəbəkələrdə mənəvi terror əsdirən “söyüş müxalifəti”nə ev sahibliyini üzərinə götürmüş Almaniya Avropada sosial şəbəkələr üzərində ən sərt məhdudiyyətlər tətbiq edən ölkədir. Necə olur, alman məmurlarına qarşı yüngül tənqidə görə sosial şəbəkə istifadəçilərini təqib edən Almaniya hökuməti Azərbaycan hökumətinə qarşı təhqir, söyüş, bir sözlə, mənəvi terror əsdirənləri öz qoynunda bəsləyir?!

2017-ci ilin 30 iyununda qəbul olunan, 2018-ci iin 1 yanvar tarixində Almaniyada qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanunu görə (qısa olaraq NetzDG adlanır) “Facebook”, “İnstagram”, “Twitter” və “Youtube” də daxil olmaqla böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda madəsini tətbiq edir, adıçəkilən şəbəkələr alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi paylaşımları silməyəcəyi təqdirdə 50 milyon avroya qədər cərimə ödəməlidir. Almaniya hökuməti məmurlara, o cümlədən hökumətin hansısa addımına etiraz edənlərin paylaşımlarını asanlıqla “qanunsuz məzmun” siyahısına daxil edir və sosial şəbəkə platforması həmin postu dərhal “yoxa çıxarır”. Beynəlxalq media ekspertlərinə görə, bu söz azadlığının pozulmasıdır. BMT-nin məruzəçisi David Kaye hesab edir ki, bu, beynəlxalq insan haqları standartlarına ziddir. Alman polisi öz hökuməti, siyasi elitası üçün səslənən təhqirləri dərhal nəzarətə götürür, sosial şəbəkələr bu mövzuda tənzimlənir, Azərbaycana gəldikdə isə adı "mühacir" adlanan xuliqanların təhqir kampaniyaları üçün gen-bol imkan yaradılır. Bu xuliqanlar “jurnalistika” və ya “videoblogerlik”, “müxalifətçilik” adı altında qanunları tapdalaya, küçələrə əlində təhqiramiz foto və broşürlərlə çıxıb, xüsusi kampaniyalar apara bilirlər.

Bütün bunlara baxmayaraq bu gün dəyişməyəcək bir reallıq var: Azərbaycanı ləkələməyə cəhd etmək istəyən qüvvələrin növbəti səyləri də boşa çıxacaq. Azərbaycanın siyasəti müstəqil, milli maraqlar üzərində formalaşıb və bu siyasətə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz!