KÖŞƏ

Sevinc Azadi

Ermənistan Azərbaycanın xoşməramına diversiya, sabotaj və terrorla cavab verir

27 may 2021 23:55
1811

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra irəliyə getmək, müharibədə məğlub olmuş Ermənistana mümkün qədər xoş yanaşmağa çalışdığı aydındır. Bakı müharibədən sonra həqiqətən də çox güzəştə gedib. Məsələn, Ermənistan silahlı qüvvələrinə və işğal dövründə Kəlbəcərdə məskunlaşmış erməni mülki əhalisinə bu rayondan çıxmaları üçün əlavə 10 gün verilmişdi. Bundan başqa, Bakı 69 Ermənistan vətəndaşını və 1400 erməni əsgərinin cəsədini tərəddüd etmədən Yerevana qaytarıb. Azərbaycan yenə də xoş niyyət göstərərək, Qarabağın erməni əhalisinə humanitar yardımın çatdırılmasına kömək edib, digər bölgələrindən keçməklə oraya məhsulların daşınmasını asanlaşdırıb, Ermənistan vətəndaşlarına Gorus-Qafan avtomagistralının Azərbaycanın azad edilmiş ərazilərindən keçən hissəsindən istifadəsinə icazə verib. Bütün bunlara baxmayaraq, regionda sülh və əməkdaşlıq perspektivlərinə hələ də bəzi maneələr qalmaqdadır. Məsələn, Ermənistan üçtərəfli Bəyanatın 4-cü maddəsini pozur. Bu müddəaya əsasən, Azərbaycan ərazilərindən ermənilərə aid bütün silahlı birləşmələr çıxarılmalıdır. Bundan başqa, Yerevan Azərbaycanın ötən il noyabrın 10-dan sonra həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində saxladığı şəxsləri hərbi əsirlər kimi təqdim edir, bununla bağlı Bakıya təzyiq göstərməyə çalışır. Ermənistan məsələni qəsdən təhrif edir.

Bu da son deyil. Bu günlərdə daha dəqiq desək, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″). Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Ermənistan Müdafiə Nazirliyi də 6 hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü təsdiqləyib. Nazirlik erməni hərbçilərinin Azərbaycan ərazisinə keçmədiyini iddia etsə də, onların “mühəndis işləri” apardığını iddia edib. Bildirib ki, həmin “işlər” aparılarkən, sözügedən qrup Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi 6 nəfərlik diversiya qrupunun Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən yaxalandığını bildirib. Erməni tərəfi də “mühəndis işləri” deyərkən, yəqin elə bunu nəzərdə tutur... Ermənistan Müdafiə Nazirliyi sözügedən 6 nəfərin sıravi əsgərlər deyil, orduda müqavilə əsasında xidmət edən hərbçilər olduğunu təsdiqləyib və onların adlarını açıqlayıb: A.N.Abqaryan, İ.A.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan, B.B.Sarkisyan və V.O.Rafaelyan.

Bütün sadalanan faktlar postmünaqişə dövründə rahatlıqla bərpa prosesinin başlanmasına əngəl törədir. Xüsusilə, bir zamanlar Azərbaycanın işğal altında olan ərazilərinə qoyulmuş piyadalar əleyhinə minalar çox ciddi təhlükədir. Bəzi hesablamalara əsasən, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonların minalanmasına 350 milyon dollar xərcləyib. Bu gün ANAMA azad edilmiş əraziləri minalardan, partlamamış digər sursatlardan təmizləməkdədir. İlkin hesablamalara görə, hərbi əməliyyatların keçirildiyi ərazilərin partlamamış sursatlar və raketlərdən təmizlənməsi üçün 5-6 il lazım olacaq. Minalanmış ərazilərin tamamilə təmizlənməsi üçün isə 10-13 il vaxt tələb oluna bilər. Doğrudur, bu işdə Azərbaycana Türkiyə, Rusiya və BMT daxil olmaqla, dost ölkələr, tərəfdaşları və beynəlxalq təşkilatlar da yardım göstərir. Məsələn, bəziləri bu işlərin görülməsi üçün maliyyə yardımı ayırır, bəziləri şəxsi heyətə təlim keçir, minatəmizləmə işləri ilə bağlı avadanlıqlar tədarük edir və s. Lakin bu, son dərəcə çətin və qeyri-standart işlərin öhdəsindən gəlməyə kifayət etmir.

Hər halda, Azərbaycan Ermənistanla düşmənçiliyi arxada qoymaq, onunla əməkdaşlığa başlamaq üçün xoş niyyət nümayiş etdirir. Əvəzində Yerevan minalanmış ərazilərin xəritəsini belə, Bakıya təqdim etmir. Bu, problemi daha da dərinləşdirir. Görünən odur ki, Yerevanı piyadalar əleyhinə minaların zərərsizləşdirilməsi məsələsində əməkdaşlığa cəlb etmək alınmır. Hər halda, ötən dövr ərzində bu məsələdə heç bir irəliləyiş yoxdur. Halbuki, bu, son dərəcə əhəmiyyətli məsələdir. Bu məsələdə əməkdaşlıqdan imtina davamlı sülhə nail olmaq perspektivinə bir qədər də kölgə salır.