KÖŞƏ

Elçin Zaman

Xalq dağıdıcı müxalifəti ona görə qəbul etmir ki,..

25 iyun 2021 23:55
2363

Onların siyasi kimlikləri çirkli, keçmişləri qaranlıqdır

Dağıdıcı müxalifət yenə də ciddi təşviş içərisindədir. Azərbaycan Ordusunun 44 günlük  Zəfər savaşından sonra dövlətimizin və onun Ali Baş Komandanının nəinki regionda, hətta dünyada artan siyasi nüfuzu dağıdıcıların hakimiyyət istəklərinin üzərinə xətt çəkməklə bərabər, onların bütün böhtan və iftira kampaniyalarını da darmadağın edib.

On illərdir müstəqil Azərbaycana qarşı hazırlanan qəsd planlarının önündə getmələri dəfələrlə göstəribdir ki, antimilli hisslər onların siyasi fəaliyyətlərinin əsas hərəkətverici amilidir. Ancaq dağıdıcıların siyasi fəaliyyətlərinin əksinə olaraq mövcud hakimiyyətin və onun liderinin apardığı məqsədyönlü, milli mənafelərin inkişafına xidmət edən fəaliyyəti  Azərbaycan dövlətini daha qüdrətli dövlətə çevrilir.

Bu gün hərbi, geosiyasi, iqtisadi və sosial istiqamətlərdə Azərbaycanın qazandığı uğurların miqyası artdıqca anti-Azərbaycan şəbəkənin qəddi daha çox əyilir. Bundan narahat olanlar təkcə dağıdıcı müxalifət deyil, həm də  müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda «hüquq müdafiəçisi» adı ilə fəaliyyət göstərib, əslində isə bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib.

Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl idbar  mahiyyətlərini istər-istəməz göstərən dağıdı düşərgənin  Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi, əslində heç kimə sirr deyil! Axı heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən bu dağıdıcılar yalnız bu halda gündəmdə qalmağa çalışırlar.

Qaragüruhçuluq və böhtan kampaniyası dağıdıcıların əsl «çörək ağacı»na çevrilib

Eyni zamanda, anti-Azərbaycan qüvvələrdən qrantlar almaq üçün qaragüruhçuluq və böhtan kampaniyasına geniş yer vermək onların el dili ilə desək əsl «çörək ağacı»na çevrilib. Yəni, Azərbaycan dövlətinin əleyhinə daha geniş miqyasda fəaliyyət göstər, hakimiyyəti daha çox söy, qrantını (rüşvətini) artıqlaması ilə al...

Azərbaycan xalqı dağıdıcı müxalifəti ona görə qəbul etmir ki, onların siyasi kimlikləri qaranlıqdır, çirklidir. 1990-1993-cü illərdə məhz onların siyasi sabətsızlıqları və ölkənin ən çətin məqamında hadisələrə düşünülmüş şəkildə deyil, qaragüruhçuluqla  yanaşmaları, ən başlıcası şəxsi mənafeləri naminə milli mənafeləri rədd etmələri yenicə müstəqillik qazanmış Azərbaycanın məhvinə səbəb olacaqdı.

Lakin 1993-cü ilin iyununda  ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtması ölkəmizi məhv olmaqdan qurtardı. Eyni zamanda, həmin qarma-qarışıq və hakimiyyətsizlik dövründə qiyamçı Surət Hüseynovun başıpozuq dəstələrinin  AXCP və Müsavat rəhbərlərini və  üzvlərini edam etməkdən də Ulu Öndər qurtarmış oldu.

Bəli, bu bir açı həqiqətdir ki, dağıdıcı qüvvələrin 1992-1993-cü illərdə hakimiyyətdə olduqları dövrdə Azərbaycan xalqının faciələr yaşamasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. İnsanların kortəbii inamı dalğasında hakimiyyətə yiyələndikdən sonra dağıdıcı düşərgənin heç nəyə qadir olmadıqları özünü qısa müddətdə büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi. Ən başlıcası isə xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladılar. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikalların hakimiyyətinə son qoydu, öz xilaskarını- Udu Öndəri istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, inkişafa qovuşdu.

Dağıdıcı müxalifət hakimiyyət və mənsəb naminə hətta iblislə işbirliyinə getməyə hazırdır

İndi AXCP və Müsavat Partiyası ölkəmizin günü-gündən güclənməsindən, qüdrətli dövlətə çevrilməsindən narahatlıq duyan siyasi təşkilatlardır. Bu səbəbdən hər iki tərəf öz maraqları naminə Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Baş verənlər isə növbəti dəfə göstərir ki, müxalifətin dağıdıcı qanadının əməllərində, təfəkküründə  hələ də müsbət dəyişiklik baş verməyib. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı  və digər dağıdıcı düşərgə mənsubları  yenə də ötən əsrin 90-cı illərinin əvvəllərindəki ab-hava ilə yaşayırlar. Nəticə isə onu göstərir ki, xalqın birmənalı şəkildə rədd etdiyi bu şəxslər, bütövlükdə dağıdıcı müxalifət hakimiyyət və mənsəb naminə hər yola baş vurmağa, hətta iblislə işbirliyinə getməyə hazırdırlar.

Elə bu səbəbdəndir ki, formal mövcudluqlarını çoxdan xaricdəki bədxah qüvvələrin qəpik-quruşlarından asılı etmiş radikal müxalifət və onların səhnə dekorasiyası kimi dəyişməz liderləri anti-Azərbaycan fəaliyyətlərindən əl çəkmək istəmirlər. Xalqın nifrətinə tuş gəldikləri üçün isə bütün ümidlərini xaricdə olan, müstəqil Azərbaycanın varlığına qarşı çıxan qüvvələrə bağlayıblar. Özgələrinin baltalarına sap olduqlarından isə indi sosial bazadan məhrum olan radikal müxalifət partiyaları ölkə cəmiyyətində haqlı olaraq partiya yox, kiçik bir qrupun yığışdığı zərərli dərnək adlanır və bu formada qəbul edilir.

Bunun nəticəsidir ki, müxalifətin dağıdıcı hissəsi ilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana çıxan ifrat aqressivləşmiş müxalifətlə cəmiyyət arasında yaranan uçurumun həddən artıq dərinləşməsi, əslində təbii xarakter daşıyır.

O da həqiqətdir ki, əgər dağıdıcı müxalifət öz yırtıcı davranışını dəyişdirməsə, ölkəmizin milli maraqlarına cavab verən ideoloji dəyişikliklərə meyillənməsə, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd xarakter daşıyacaq. Çünki bu, artıq zamanın və cəmiyyətin tələbidir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?