Abonentlərin problem və təkliflərinə yanaşmada ən müasir və şəffaf idarəçilik metodları tətbiq edilir
«Bu gün aparılan sürətli qazlaşmanın nəticəsidir ki, artıq ölkəmizdə qazlaşma səviyyəsi 96 faizi ötüb.»
Bu fikirləri SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev «İki sahil»ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təsdiq etdiyi «Regionların sosial-iqtisadi inkişafına dair» Dövlət proqramları çərçivəsində iqtisadiyyatın digər sahələri kimi qaz təsərrüfatında da son illər böyük uğurlar qazanılıb.
Ruslan Əliyev vurğulayıb ki, ötən bir neçə il ərzində əhalinin sosial- məişət firavanlığının yaxşılaşdırılması məqsədilə dövlət tapşırığına uyğun olaraq respublikanın müxtəlif bölgələrində yüzlərlə kənd və yaşayış massivləri qazlaşdırılmışdır. O cümlədən, 2021-ci ildə 7 yaşayış məntəqəsi, 24 yeni yaşayış massivi qazlaşdırılıb. Hazırda 6 yaşayış məntəqəsində, 16 yaşayış massivində qazlaşdırılma işləri davam edir. Ümumilikdə cari ilin sentyabr ayının 1- dək 215 kilometr yeni qaz xətti çəkilib.
Baş direktor ölkəmizin sürətli qazlaşdırılması prosesinin müasir standartlara uyğun aparıldığını qeyd edərək demişdir: «Respublikamızda qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksək olmuşdur. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinə uyğun olaraq əhalinin qaz təchizatının yaxşılaşdırılması və qaz itkilərinin azaldılması məqsədilə son 3 ildə ümumən 2 min kilometrdən artıq qaz xətti, o cümlədən Bakı şəhərində yüz kilometrlərlə müxtəlif diametrli qaz xətləri yenidən qurulmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunmuşdur. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən «ASAN xidmət» və «ASAN kommunal» mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarəedilməsi sisteminin tətbiqi uğurla davam etdirilir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 çağrı mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir.» Qeyd edək ki, «Azəriqaz» İB rəhbərliyi üçün şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi də prioritet məsələdir. İB-in baş direktoru bu barədə deyib: « Şəhid ailələrinin və qazilərin yaşadıqları fərdi yaşayış evlərinin «Azəriqaz» İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri daim diqqətimizdədir.»
«Azəriqaz» İB üçün digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Birliyin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunması idi. «Azəriqaz» İB-in baş direktoru Ruslan Əliyev və müavinləri bu istiqamətdə xeyli görüşlər keçiriblər. Təbii ki, bu görüşlər inzibati-bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə-onların problemlərinin həllinə operativ yanaşmasına xeyli kömək edib. Pandemiya dövründə isə abonentlərin problemlərinin həllinə yeni yanaşma tətbiq edilib. Bu barədə Ruslan Əliyev deyib: « Pandemiya dövründə abonentlərin problemlərinin həllinə daha ciddi və səmərəli qaydada yanaşılıb. Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-in peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. Mənim göstərişimlə nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olduqda onların yerində və dərhal həlli reallaşıb.»
Bundan başqa İB-in baş direktoru Ruslan Əliyev 22 yanvar 2021-ci il tarixindən etibarən həftənin hər cümə günü saat 14:00-da Facebook vasitəsilə canlı yayım təşkil edir. Canlı yayımda ünvanlanan sualları cavablandırır və müraciətlər qeyd olunur. Hər həftə icraçı direktorla birlikdə qurumun məsul işçilərindən biri yayımda iştirak edir. Proses zamanı qaz təchizatı ilə bağlı problemlər digər struktur rəhbərləri tərəfindən də yaxından izlənir və dərhal cavablandırılır.
Eyni zamanda son bir neçə ayda «Azəriqaz» İB rəhbərliyinin təşəbbüsü ilə paytaxtda və rayonlarda «Açıq mikrofon» layihəsinə start verilib. Bu layihə cəmiyyətdə birmənalı olaraq ən innovativ və səmərəli təşəbbüs kimi dəyərləndrilir.
Heç təsadüfi deyildir ki, Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin rəhbəri, millət vəkili Zahid Oruc «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin əhali ilə sıx işləməsini yüksək qiymətləndirib: «Son bir neçə ay ərzində hər həftə «Azəriqaz»ın rəhbəri Ruslan Əliyev sosial şəbəkələrdə canlı yayımla minlərlə insanın qarşısında ən çətin sualları cavablandırır.»
Zahid Oruc «Azəriqaz» İstehsalat Birliyinin sədri Ruslan Əliyevin bu təşəbbüslərini yüksək qiymətləndirərək gözəl nəticələr verdiyini bildirib və bu təcrübədən digər dövlət təşkilatlarının da yararlanmasını arzulayıb.
Ötən aylarda «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də son vaxtlar sosial şəbəkələrdə daha fəal olan dövlət qurumları siyahısında ilk olaraq «Azəriqaz» İB-nin adını çəkmişdi.
Burada çox önəmli məsələ isə abonentlərin problemlərinin həllinə İB-in rəhbərliyinin şəxsən nəzarət etməsi və vətəndaşlarla rəftarın səmimi, qarşılıqlı hörmət səviyyəsində həyata keçirilməsini tövsiyə etməsidir. Bütün bunlara rəğmən qətiyyətlə demək olar ki, bu gün hər bir abonentin məmnunluğu və onların təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı «Azəriqaz» İB-in əsas məqsədidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.
İB-in baş direktorunun sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur. Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin ölkə vətəndaşlarına sosial dəstəyidir.
Elçin Zaman, «İki sahil»