18 sentyabr 2021 10:00
1391

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin  Neftçilər Günü münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər,

Sizi şanlı peşə bayramınız, Azərbaycan neft və qaz sənayesinin tarixində əlamətdar gün olan 20 sentyabr – Neftçilər Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyamız ilbəil ölkəmizə bir-birindən parlaq qələbələr qazandırır. Bu günlərdə “Azəri-Çıraq-Günəşli” yataqlarından 4 milyard barrel neftin hasil olunması bu qalibiyyətli strategiyanın möhtəşəm təntənəsini bir daha əyani surətdə əks etdirdi. Dənizdə neftçıxarma işinin əsasını qoymuş Azərbaycan neftçilərinin rəşadətli əməyinin təcəssümü olan, ölkəmizin qədim tarixə malik neft sənayesinin inkişafında növbəti zirvə nöqtəsini təşkil edən bu tarixi hadisə dünyanın gözü qarşısında xalqımızın, dövlətimizin qələbə əzminin, yenilməzlik ruhunun, fədakar əməyinin nümayişinə çevrildi. Enerji strategiyamız çərçivəsində şirkətimizin bilavasitə iştirakı ilə həyata keçirilən möhtəşəm layihələr, əldə olunan nailiyyətlər təkcə neft və qaz sənayesinin deyil, bütünlükdə ölkə iqtisadiyyatının inkişafında yeni, parlaq bir səhifə açmış, xalqımızın firavan və xoşbəxt həyatına möhkəm təminat yaratmışdır. Əldə olunmuş uğurlu nəticələr hər bir vətəndaşın həyatında müsbət rol oynamış, Vətənimiz qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Ölkəmizin siması tamamilə dəyişərək müasirləşmiş, iqtisadiyyat şaxələndirilmiş, qeyri-neft sektorunun inkişafında əsl sıçrayış baş vermişdir. 27 il əvvəl dünyanın enerji nəhəngləri ilə imzalanmış “Əsrin müqaviləsi” həm də Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxışına yol açmışdır. 1994-cü ilin tariximizə qızıl hərflərlə yazılmış 20 sentyabr günündən etibarən bir-birinin ardınca uğurla reallaşdırılan, respublikamızı qlobal miqyaslı neft və qaz tədarükçüsü, eyni zamanda nüfuzlu və etibarlı tərəfdaş kimi tanıdan Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, Cənub Qaz Dəhlizi kimi əzəmətli layihələr Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində əhəmiyyətli yerini nümayiş etdirir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qələbə əzmi və hünəri nəticəsində doğma torpaqlarımızın işğaldan azad edilməsi, İkinci Qarabağ müharibəsinin tarixi Zəfər ilə başa çatdırılması ölkəmizin sosial-iqtisadi yüksəlişindən və sarsılmaz beynəlxalq nüfuzundan qaynaqlanır. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan neftçiləri tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün bərpa olunması yolunda qəhrəman ordumuzun sıralarında vüqarla addımlamış, qarşılarında duran istehsalat vəzifələrinin öhdəsindən gəlməklə bərabər, ön cəbhədə də könüllü döyüşçülər kimi Vətən qarsısında borclarını ləyaqətlə yerinə yetirmişlər. 500-ə yaxın əməkdaşımız cəbhəyə yollanmış, Qarabağ döyüşlərində iştirak etmişdir. Hərbi əməliyyatlar zamanı 22 əməkdaşımız yaralanıb müxtəlif dərəcəli xəsarətlər almış, 6 neftçi isə canını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə yüksəlmişdir. Təsəllimiz budur ki, onların qanı yerdə qalmamışdır. Bu əlamətdar gündə biz Vətənimizin azadlığı uğrunda şəhid olmuş həmkarlarımızın xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik.

Qəhrəman neftçilər bu gün də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsinə töhfə verməkdən sonsuz qürur duyur, doğma Qarabağda aparılan geniş bərpa-quruculuq işlərinə mühüm töhfə verirlər. İnanıram ki, qədim və zəngin tarixə, şanlı əmək ənənələrinə malik Azərbaycan neft-qaz sənayesinin indiki nəsli sələflərindən aldığı qələbə estafetini şərəflə daşıyacaq, bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin və xalqımızın rifahı naminə yorulmadan və fədakarcasına çalışacaq, Vətənimizin daha yüksək zirvələrə doğru qalibiyyətli yürüşündə fəxrlə addımlamaqda davam edəcəklər.

Əziz neftçilər!

Bir daha sizi peşə bayramınız münasibəti ilə təbrik edir və sizə ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

SOCAR-ın prezidenti Rövnəq Abdullayev