19 sentyabr 2021 10:07
1064

«Əsrin müqaviləsi» bölgənin söz sahibini müəyyənləşdirən tarixi sənəd idi

Müqavilə Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də əhəmiyyətli tədbirlər görməyə başladı. Xüsusilə işğalçı Ermənistanla atəşkəs müqaviləsi imzalanandan sonra Azərbaycan dövlətinin qarşısında duran əsa vəzifə ölkənin iqtisadi gücünü artırmaq, müstəqil iqtisadi və siyasi iradə ortaya qoymaq idi. Ona görə də 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında  Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın «British Petroleum» (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın «Amoco» (17,01 faiz), «UNOCAL» (11,2 faiz), «Penzzoil» (9,81 faiz), «McDermott» (2,45 faiz), Rusiyanın «Lukoil» (10,0 faiz), Norveçin «Statoil» (8,56 faiz), Türkiyənin «Türk petrolları şirkəti»nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da «Yeni neft strategiyası» və doktrinası uğurla həyata keçirilməyə başlandı.

Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adlandırıldı. Təxminən, 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. «Əsrin müqaviləsi» nin imzalanması ilə «Yeni neft strategiyası»nın uğurla həyata keçirilməsinə başlanıldı.  Bu müqavilə  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək, 12 dekabr 1994-cü ildə qüvvəyə minib. İlkin hesablamalara görə, «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun çıxarılabilən neft ehtiyatı 511 milyon ton müəyyən edilmiş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu göstərici 730 milyon tona çatmışdır. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Ümumi xalis gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşürdü. «Əsrin müqaviləsi»nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə işlərə başlanıldı. Bu müqavilə sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanması üçün yol açdı. «Əsrin müqaviləsi» həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində «Çıraq-1» özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu.  1999-cu ilin dekabrında Azərbaycanın «mənfəət nefti» ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli iadrə edilməsi ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

«Əsrin müqaviləsi» ilə müstəqilliyini  möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, «Əsrin müqaviləsi»nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən ulu öndər Heydər Əliyev demişdir: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq.»
Prezident İlham Əliyev isə «Əsrin müqaviləsi»nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımın əhəmiyyətini belə dəyərləndirmişdir. «Əsrin müqaviləsi»nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin müqaviləsi"nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik».

«Əsrin müqaviləsi»ilə  Ulu Öndərin nəhəng layihəsi idi və bununla da O, Azərbaycan dövlətini nəinki fəlakətli vəziyyətdən çıxırdı, həm dövlətimizin müstəqilliyini qorudu, möhkəmləndirdi. Bu müqavilə Heydər Əliyev kimi dahi dövlət xadiminin xəyalları gerçəkləşdirən bir müdrik layihəsi idi. 

Qeyd edək ki, «Əsrin müqaviləsi»nin imzalanamsı üçün münbit və şəffaf şəraitin yaranmasında o dördəAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarət idi».

Təbii ki, birinci vitse- prezident İlham Əliyevin iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. «Əsrin müqaviləsi» ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçmişdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.

Həmin anı Prezident İlham Əliyevçıxışlarında belə xatırlayır: «Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik». Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

Bu da önəmli faktdır ki, 2017-ci ilin sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.

«Əsrin müqaviləsi» labüd olaraq ölkəyə külli miqdarda maliyyə axını yaratmaqla sosial rifah halının yüksəlməsinə də yeni imkanlar açdı. Bununla da ölkədə müsair infrstaktur layihələr həyata keçirildi, ordu quruculuğu yüksəldi, təhsil və səhiyyə istiqamətində müsirləşmələr reallaşdı. Bir sözlə, «Əsrin müqaviləsi» iqtisadi dirçəlişin əsas təməl prinsipnə çevrildi.

Elçin Zaman, «İki sahil»