20 sentyabr 2021 00:00
1211

Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlıqları, peşəkarlıqları ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar

20 sentyabr - Neftçilər Günüdür!

Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı - Neftçilər Günüdür. Azərbaycanın bugünkü inkişafının təməli olan «Əsrin müqaviləsi»nin imzalandığı tarixin-20 sentyabrın «Neftçilər Günü» kimi təsis olunması təsadüfi deyil. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinin və Azərbaycanın gələcək rifahının və çiçəklənməsinin başlanğıcı oldu. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində «Əsrin müqaviləsi»nin rolu böyükdür.

Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli «Neftçilər günü peşə bayramının təsis edilməsi haqqında» Fərmanında qeyd olunduğu kimi, zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar diyarı” kimi tanınmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur.

O da məlumdur ki, XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan ikinci dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamışdır. Keçmiş İttifaqın hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycanın qüdrətli elmi-texniki potensialının mühüm yeri vardır. Təsadüfi deyildir ki, Rusiyanın neft regionları “İkinci Bakı”, “Üçüncü Bakı” kimi adlandırılırdı.

Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu. 1970-1980-ci illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin özüllər zavodu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra neft-qaz sənayesində çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. Ümummilli Lider neft-qaz sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası və doktrinası irəli sürülərək dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanmışdır. Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir. Ulu öndər Heydər Əliyev bidirirdi ki, neft –Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Bugünümüzün reallıqlarında Ümummilli Liderin bu tezisi özünün aydın ifadəsini tapır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir. Azərbaycanın iqtisadi siyasətini, neft strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun formalaşdırması ölkəmizdə təbəqələşmə prosesinin baş verməməsini şərtləndirdi. Neft-qaz gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi təbəqəlşmənin baş verməməsində əsas faktordur.

Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin Vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar.

Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən, təkmil islahatları ilə neft strategiyasının uğurlu icrasını təmin edən Prezident İlham Əliyev 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir: «Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bugünkü mərasimdə xüsusilə nəzərə alsaq ki, neftçilərin peşə bayramı yaxınlaşır, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm.»

Neftçilərin əməyi, zəhmədi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, hər il Neftçilər Günündə neftçilərimiz dövlət mükafatları ilə təltif olunurlar. Bu təltiflər onlarda məsuliyyət hissini daha da artırır, qarşıya qoyulan məqsədlərə yüksək səviyyəd nail olmaları üçün bütün qüvvə və bacarıqlarını səfərbər etməyə çağırışlar edir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında SOCAR-ın öz payı, rolu vardır. Şirkət biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə imkanlarını daha da artırır. Dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında modern, böyük nüfuza malik olan beynəlxalq şirkətlərlə eyni sırada olmağı qarşıya mühüm vəzifə kimi qoymuşdur. SOCAR-ın sərmayə yatırdığı ən böyük layihələrdən biri də Azərbaycanla Türkiyənin birgə layihəsi olan Transanadolu qaz kəməri-TANAP-dır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi Azərbaycanın regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuzunu artırır və bu inam ifadə olunur ki, icrası başa çatan və çatmaqda olan, həmçinin qarşıya qoyulan hədəflərə nail olmaq üçün gündəmə gətirilən layihələr Azərbaycanın rolunu daha da artıracaq. 2018-ci ilin oktyabarında “Star” neft emalı zavodunun açılışında səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk” söyləyərək bunu da əlavə etmişdir ki, Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. 2018-ci ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik. “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimiz strateji miqyasını daha da gücləndirdi. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir.

Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin, iki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr göz önündədir. Azərbaycan və Türkiyəni eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirmişdir ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. “Star” neft emalı zavodunun Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu vurğulayan Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağına əminliyini ifadə etmişdir. “Enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə, oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına töhfə verəcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

BTC, BTƏ neft-qaz kəmərləri, BTQ dəmir yolu, TANAP, “Star” neft emalı zavodu Azərbaycan və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsi kimi dəyərləndirilirlər. Bu kimi layihələr SOCAR-ın beynəlxalq nüfuzunun aydın mənzərəsini yaradır. Gündəmə gətirilən hər bir layihə kadr potensialının gücləndirilməsini bir tələb kimi qarşıya qoyur ki, SOCAR-ın bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi layihələr göz qabağındadır.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi”nin imzalanması üçün bir sıra çox əhəmiyyətli məsələlərin əvvəlcədən öz həllini tapması vacib idi. Bunlardan birincisi ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi sabitliyin, inkişafın, onun dayanıqlılığının təmin olunması idi. Ümummilli Lider bunun üçün zəruri olan bütün addımları atdı. Son 18 ildə Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində ötən dövr ərzində neft infrastrukturu daha da möhkəmlənib. Dünyanın ən böyük Səngəçal neft-qaz terminalı inşa edilib. Gəmiqayırma Zavodu tikilib, bunun nəticəsində bu gün Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Ən böyük qazma qurğularından biri – ulu öndər Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilib. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında artıq aparıcı rol oynayırlar.

Azərbaycanın, iqtisadiyyatımızın onurğa sütunu olan neft-qaz sənayesinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. 2003-cü ildən qarşıya əsas hədəf kimi qoyulan iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması çağırışı da neft siyasətinin məntiqi davamıdır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurumuşuq. Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyini qoruyur. Bu, onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasəti uğurla həyata keçirlir. Bütün bu uğurlarımızın təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır.

Bu gün ölkəmizin həyatında yeni dövr başlayıb. Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş torpaqlarımızıda bərpa və quruculuq işləri geniş miqyas alıb. Cari ilin arxada qalan 9 ayında görülən işlərə diqqət yetirmək kifayətdir. Yeni infrastruktur layihələri uğurla icra edilir, həmçinin bərpa işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri bərpa və quruculuq işlərinin təqdimatı kimi dəyərləndirilir. Təbii ki, bu işlər də Azərbaycanın iqtisadi və maliyyə imkanlarının genişliyindən xəbər verir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neftçilər Günü münasibəti ilə neftçilərə təbrikində bu mühüm məqamı xüsusi qeyd edir ki, qəhrəman neftçilər bu gün də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsinə töhfə verməkdən sonsuz qürur duyur, doğma Qarabağda aparılan geniş bərpa-quruculuq işlərinə mühüm töhfə verirlər. Bu əminlik ifadə edilir ki, qədim və zəngin tarixə, şanlı əmək ənənələrinə malik Azərbaycan neft-qaz sənayesinin indiki nəsli sələflərindən aldığı qələbə estafetini şərəflə daşıyacaq, bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin və xalqımızın rifahı naminə yorulmadan və fədakarcasına çalışacaq, Vətənimizin daha yüksək zirvələrə doğru qalibiyyətli yürüşündə fəxrlə addımlamaqda davam edəcəklər.

Biz də öz növbəmizdə çoxminli neftçilər ailəsini bayram münasibətilə təbrik edir, onlara uğurlar diləyirik!

Yeganə Əliyeva, «İki sahil»