Nilufər Mustafaqızı |
Qırx dörd günlük müharibədə qüdrətli Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alaraq yerində oturdulan məhkum olan Ermənistan ordusunda xaos, qanunsuz əməllər, intizamsızlıq, korrupsiya halları kəskin hal alıb. Sarsıdıcı məğlubiyyətdən sonra 9 aya yaxındır ki, Ermənistanın silahlı qüvvələrinin təminat-təchizat sistemində və ayrı-ayrı ordu birləşmələrində aparılan istintaq araşdırmaları zamanı ölkənin keçmiş müdafiə naziri David Tonoyanın korrupsiya əməlləri aşkarlanıb. Onsuz da sürətlə məhvə doğru gedən bu səfil ölkədə dövlət büdcəsinə milyonlarla dollar ziyan vurulmasının üstü açılıb. Tonoyan isə bu qanunsuz əməllərdə məlum olduğu kimi heç də tək deyil. Ona bu işlərdə müşaviri və yaxın dostu, “Patron” ləqəbi ilə tanınan silah alverçisi David Qalstyan, həmçinin silahlı qüvvələrin baş qərargah rəisinin müavini Stepan Qalstyan köməklik ediblər. Məhkəmənin hökmü ilə barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilən Tonoyanla yanaşı, David və Stepan Qalstyanlar da həbs olunublar. İstintaq araşdırmaları zamanı sabiq müdafiə nazirinin başqa saxta əməllərinin də üstü açılıb. Belə ki, Tonoyanın bölgələrdə dislokasiya edilən hərbi hissələrin ərazilərini müxtəlif vaxtlarda saxta sənədlərlə iş adamlarına satdığı müəyyənləşib.
Ölkədə baş verən bu qədər xaos və çəkişmə içərisində, əlbəttə, gözlər hər zaman olduğu kimi, baş nazir Nikol Paşinyana çevrilir. Apardığı siyasətdən həm erməni xalqı, həm də məmurları narazılıqlarını müxtəlf şəkildə bildirsələr də, N. Paşinyan yenə hər kəsə verə biləcək bir cavab tapa bilir. Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın vəkillər qrupunun üzvü Ovannesyan erməni mətbuatına açıqlamasında Paşinyanın ünvanına ittihamlar səsləndirərək bildirib ki, ölkəsinin baş naziri vəzifəyə gəldikdən sonra Ermənistan ən pis günlərini yaşayır. “Paşinyan çox yaxşı bilir ki, hakimiyyəti ələ keçirdikdən 2 il yarım keçməsinə baxmayaraq o özünü doğrulda bimədi və gündən-günə nüfuzunu itirir. 44 günlük müharibənin günahkarı da məhz onun özüdür.”
İşğalçı ölkədə çaxnaşmalar davam etdikcə, xalq istədiyini əldə edə bilmədikcə, son çarə olaraq çıxış yolunu müxtəlif etiraz aksiyaları etməkdə, hakimiyyətə qarşı nümayişlər keçirməkdə görürlər. 44 günlük müharibədə ölən və itkin düşən əsgər valideynlərinin etirazlarından sonra indi də ölkədəki veteranlar cəmiyyəti hökuməti etirazlarla hədələyirlər. Belə ki, Ermənistanın “Erkrabah” kimi tanınan hərbi veteranlar cəmiyyətinin başçısı Sasun Mikayelyan isə bütün hərbi veteranları həbs olunan generalların azadlığa buraxılması üçün onun ətrafında sıx birləşməyə çağırıb.
Ermənistanda kütlənin narazılığı sadəcə bununla bitmir. Paytaxt Yerevanla yanaşı, bölgələrdə də çoxsaylı etirazlar davam edir. Zəngəzur bölgəsində bir qrup narazı kütlə Qafan şəhərində icra hakimiyyətinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Etiraza səbəb bu yaxınlarda ölkənin vergilər komitəsi tərəfindən “Ajdanak” yükdaşıma şirkətinin fəaliyyətinə qoyulan qadağa olub. Bu yükdaşıma şirkəti Zəngəzur mis-molibden kombinatının əsasında fəaliyyət göstərib. Kombinatla hökumət arasında yaşanan ziddiyyətlər pik həddinə çatıb. Bu ziddiyyətlər nəticəsində ölkədə bir neçə yüksək vəzifəli şəxs həbs olunub. Hazırda kombinatda yoxlama-araşdırma işləri aparılır. Proses tam yekunlaşmayana qədər yükdaşıma şirkətinin sürücüləri gözləmək məcburiyyətində qalacaqlar. Etirazçılar isə tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha sərt addımlar atacaqlarını bildiriblər.
İstər müharibədən əvvəl, istərsə də postmüharibə dönəmində Ermənistan Azərbaycana qarşı xain əməllər törətməkdən çəkinmədiyi müddətdə hər zaman aclıq, yoxsulluq, səfalətlə mübarizə aparmalı olub. Bunlar da bir daha onu göstərir ki, qaldıra bilməyəcəkləri yüklərin altına əl qoymaq Ermənistanı sadəcə məhvə sürüklədi.