KÖŞƏ

Nilufər Mustafaqızı

Ac və “qəssab” caniyə 10 milyon dollar girov...

26 aprel 2019 10:20
2974

Daxili vəziyyətin hər gün daha da pisləşməsi, köhnə hökumətin yerli xalqın başına açdıqları fırıldaqların bir-bir üzə çıxması, məmurlar arasında bitməyən savaşlar, intriqaların davam etməsi bədnamlar ölkəsindəki gündəlik həyat şəraitinin nə qədər acınacaqlı olmasından xəbər verir.

Məlumdur ki, 1 mart terroruna görə bir çox erməni məmurlarının məhkəmə prosesləri hələ də davam edir. Araşdırmalar zamanı elə gülünc faktlar, acı reallıqlar ortaya çıxır ki, bunlar erməni xislətinin acgözlüyünü təsdiq edir. Belə ki, keçmiş müdafiə nazirinin müavini, “qəssab” ləqəbli general-leytenant Manvel Qriqoryanın qanunvericiliyin bir-neçə maddəsi ilə qanunsuz silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəmədə, vergidən yayınma, çirkli pulların yuyulmasında təqsirkar bilinir. Araşdırmalar zamanı o da məlum olub ki, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın silahdaşı və ən yaxın dostu olan Qriqoryan  Ermənistan ordusuna məxsus ərzaq məhsullarını talayaraq daxili və xarici bazarlarda satıb.

Manvel Qriqoryan 1 mart terrrorunda və başqa ağır cinayətlərdə təqsirkar bilindiyi üçün ömürlük həbs cəzası təhlükəsi ilə üz-üzədir. Erməni mətbuatının yaydığı xəbərlərə görə isə hazırda istintaq təcridxanasında saxlanılan keçmiş müdafiə nazirinin müavininin  sağlamlığında ciddi problemlər yaranıb. Məhkəmə iclasında generalın vəkili 10 milyon dollar girov qoymaqla Manvel Qriqoryanın müvəqqəti azadlığa buraxılmasını tələb etsə də  məhkəmə onun bu tələbinə rədd cavabı verib.  

Hazırda erməni məmurları arasında da ciddi çəkişmələr davam edir. Hər zaman özbaşınalıqları, öz yerli xalqına etdikləri zülümlərlə tanınan erməni məmurları bu dəfə bir-birilərinə qarşı əsl üzlərini göstərirlər. Ölkənin təhlükəsizlik xidmətinin rəisi audit palatasının sədri səlahiyyətlərini dondurub. Artıq  2 aya yaxındır ki, milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyan ilə audit palatasının sədri Davit Sanasaryan arasında baş verən narazılıqlar Davit Sanasaryanın istintaqa dəvət olunması ilə nəticələnib. Nikol Paşinyan külli miqdarda rüşvət almada və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinən Sanasaryan haqqında istintaq araşdırmaları yekunlaşana qədər vəzifəsindən uzaqlaşdırma qərarı alıb.

1 mart terroru ilə bağlı istintaq komitəsinə çağırılan məmurlardan biri də sabiq daxili işlər naziri olub. Onun əmlakına müsadirə qoyularaq ölkədən çıxmaması barədə bildiriş verilib.

Yerli əhalinin narazı olduğu məsələlərdən biri də həkimlərin və polislərin laqeydliyi və vecsizlikləridir. Polislərin heç bir səbəb olmadan sadə əhaliyə qarşı etdikləri zor tətbiqindən cana doyan xalq çarəni baş nazir Nikol Paşinyana və baş prokuror Artur Davityana müraciət etməkdə görsələr də, ölkədə yaxşıya doğru heç bir dəyişiklik getmədiyinin bütün dünya şahididir.  Güllə səslərinin  adi hala çevrildiyi paytaxt Yerevanda Daxili İşlər Nazirliyinin yanında baş verən atışmada 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Əgər bir ölkənin yüksək qurumun yerləşdiyi yerin yaxınlığında bu cür ağılasığmaz hadisə yaşanırsa, o ölkənin digər yerlərində nə kimi sabitlik və təhlükəsizlik ola bilər? Bu kimisə maraqlandırırmı? Görünən odur ki, xeyr.