KÖŞƏ

Nilufər Mustafaqızı

Sərsəm təxəyyül fəsadı

22 aprel 2022 23:56
1337

“Qondarma soyqırımı” erməni yalanından başqa bir şey deyil

Tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutan erməni ideoloqları yarım əsrdən çox müddətdə dünya ictimaiyyətini mif üzərində qurulmuş qondarma “soyqırımı” iddiaları ilə çaşdırmağa, təkcə qardaş Türkiyənin deyil, ümumən Türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Uzun illərin müşahidələri göstərir ki, real əsası olmayan bu saxta iddianın davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırımı, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.

Son iki əsrdə “dənizdən-dənizə böyük Ermənistan” xülyasını milli məqsədə çevirən bədxah qonşularımız ərazi iddiaları siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün bu qondarma “soyqırımı” iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına yönəlmiş genişmiqyaslı kampaniya aparırlar. 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsinin guya “1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi” kimi iftira xarakterli kampaniya da erməni mifomaniyasının real təhlükəlilik dərəcəsini aşkar nümayiş etdirir.

Acınacaqlısı həm də budur ki, özləri haqqında daim “məzlum xalq”obrazı yaratmağa çalışan ermənilər bu çirkin iddialarını Türkiyəyə və Azərbaycana xoş münasibətdə olmayan bəzi dövlətlərə və təşkilatlara qəbul etdirə bilmişlər. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən, əldə bəhanə edən həmin dövlətlər və təşkilatlar əslində tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən erməni məsələsindən Türkiyəyə qarşı “təzyiq vasitəsi” kimi yararlanmış həmin qüvvələr bu gün də rəsmi Ankaraya təsir göstərmək üçün qondarma “erməni soyqırımı” iddialarından bəhrələnirlər.

Ancaq tarix sübut edir ki, öz xislətlərinə uyğun olaraq daima yalan, şər, böhtan kampaniyaları təşkil edən, öz etdikləri əməlləri başqalarının üzərinə yıxaraq məzlum xalq imici formalaşdıran ermənilər XX əsrdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımılar törətmişlər. Yağı düşmən azərbaycanlılara qarşı təkcə fiziki soyqırım siyasətini deyil, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırımı – türk mənşəli toponimləri erməniləşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türk mənşəli toponimlərin hamısı dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir. 
 Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından bəhrələnərək, əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar. Ermənistan silahlı qüvvələri son 30 ildə  Azərbaycanın 12 rayonunu işğalda saxlamış (ərazisinin 20 faizi, yaxud 1/5 hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edirlər. İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır.
 

Nəhayət, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Lidisa, Sonqmi və Srebrenitsa ilə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən kütləvi soyqırımına məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırım aktında Ermənistan Respublikasının silahlı qüvvələri və Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bu bəşəri cinayətdə mayor Seyran Ohanyanın (Ermənistan Respublikasının keçmiş müdafiə naziri) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçiyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabiti iştirak etmişdir. Soyqırım siyasəti nəticəsində 613 nəfər qətlə yetirilmiş, (o cümlədən 106 qadın, 63 uşaq) 478 nəfər əlil olmuş, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılmış, 150 nəfər isə itkin düşmüşdür. Şəhərin özü isə yer üzündən silinmişdir.

Xocalı qətliamını amansızcasına həyata keçirməkdən çəkinməyən ermənilərin içərisində isə ölkəyə bir müddət rəhbərlik etmiş sabiq prezidentləri- Robert Koçəryan və Serjik Sarkisyan da yer alırlar.
 Onlar isə  bu cinayətləri etiraf etməkdən çəkinmirlər,  əksinə, Xocalıda baş verən qətliamların fəal iştirakçısı olan Serjik Sarkisyan britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsində deyib: ”Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Və həmin müsahibədə Sarkisyan erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını öz etirafı ilə təsdiqlədi və bir daha işğalçı ölkənin əsl mahiyyətini nümayiş etdirdi. Bütün bunlara baxmayaraq dünya birliyi bu ədalətsizliyə səs çıxarmadı və Xocalı iştirakçıları bu gün də cəzasız qalıblar.

Bu isə bizlərə təəccüblü deyil. Çünki Azərbaycan uzun illər dünya ölkələrinin ikili standartlarının şahidi olub. İnsan hüquqları, azadlıqları dərsi keçməkdən yorulmayan beynəlxalq  təşkilatlar, dünyanın söz sahibi olan böyük dövlətlər sıra Azərbaycana gələndə lal, kor, kar olmağı seçiblər.  Elə bu yaxınlarda Fransa prezidenti E. Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırımı” adlandırmaqdan imtina edib və bildirib ki, soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər. Bəs belə olan təqdirdə nə üçün 100 il əvvəl Osmanlı Türkiyəsində baş vermiş hadisələrə yalnız  tarixçilər qiymət vermirlər? Bu fakt bir daha Qərbin ikili  standarlarını gün üzünə çıxarır.

Tarixdə heç zaman “erməni soyqırımı" adlı hadisə olmayıb. Ermənilər də bunun saxta və uydurma olduğunu yaxşı bilirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tarixçilərin bir araya gələrək bu məsələni araşdırmağı təklif etsə də  Ermənistan tərəfi  bundan qaçıb. Hətta Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını da illər öncə təklif edib. Ermənistan isə arxivlərin açılmasından imtina edib. Bu faktların özü erməni riyakarlığının nümunələrindəndir. Ermənistan tərəfinin bu məsələni tarixçilərin yox, siyasilərin müəyyənləşdirməsi olduğunu isə dəfələrlə deməsi isə onların məkrli siyasətinin və erməni lobbisinin ayrı-ayrı dairələrə təsirinin təzahürüdür. Ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə və manipulyasiya etməsi artıq çoxlarını bezdirib. Uzun illər əsas diqqət ABŞ prezidentinin “soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Xatırlayırsınızsa, ötən il də ABŞ Prezidenti Cozef Bayden böyük haqsızlıq edərək bu ifadəni işlətdi. Bundan Ermənistan nə qazandı? Nə dəyişdi? Heç nə! Artıq bu mövzu ətrafında ajiotaj yaratmaq getdikcə çətin olur.