Nilufər Mustafaqızı |
Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən sonra işğalçı Ermənistanda daxili çəkişmələr, gündən-günə artan narazılıqlar, etirazlar tüğyan etməyə başladı. Məğlubiyyətlərinin əsəs səbəbini hakimiyyətin səriştəsizliyində görən xalq ölkənin ayrı-ayrı regionlarında aksiyalara başladı. Artıq 1 aydan çox müddətdir ki, Ermənistan müxalifəti də hakimiyyət əleyhinə aksiyalara davam edir. Siyasi şərhçilər bildirirlər ki, küçələrdən yığışmayan revanşistlərin isterikasının heç bir əhəmiyyəti yoxdur. Artıq müxalifətin özü də nümayişlərin əvvəlki qədər uğurlu olacağına inanmır.
Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişi ərəfəsində itaətsizlik aksiyalarına start verən Ermənistandakı revanşist qüvvələr hələ də istəklərinə nail olacaqlarını düşünürlər. Cəmiyyətə qəzəb təlqin etməkdən yorulmayan bu qüvvələr hakimiyyəti yeni etiraz dalğası ilə hədələməyə davam edirlər. Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan hökumətə qarşı mübarizə aparmaqda israrlıdır. Onun sözlərinə görə, hazırkı hakimiyyət törətdiyi zorakılıq əməllərinə görə gec-tez cavab verəcək.
Digər bir küçə siyasətçisi isə illərlə talançılığı əsas amal kimi görən Xocalı cəlladı Robert Koçaryanın oğlu Levon Koçaryandır. Nümayişlər zamanı 2 dəfə saxlanılan Levon da Qarabağ məsələsini bəhanə edərək hakimiyyətə qəzəb püskürür. O, saxlanılarkən əhalini meydanlara gəlməyə səsləyərək özündən dırnaqarası mübariz inqilabçı obrazı yaratmağa çalışır. Bir sözlə, Ermənistandakı revanşistlər özlərinin küçə macəralarından ayrılmaq niyyətində deyillər.
Yaranmış vəziyyətdən istifadə edərək özünü “Qarabağ klanı” adlandıran müxalif qüvvələr hakimiyyətə gəlməyə çalışırlar. Amma onların küçələrə çıxardıqları kütlə ilə hakimiyyətə gəlmək imkanları çox məhdud görünür. Bunu anlayan müxalif qüvvələr ən azından özlərinin mövcudluqlarını nümayiş etdirməyə çalışırlar.
Maraqlısı budur ki, Ermənistanda müxalifətin bu etiraz çağırışlarına sadə erməni xalqının marağı da getdikcə azalır. Əgər ötən aydan etibarən və bu ayın əvvəllərində mitinqdə iştirak edənlərin sayı təxminən 7000-8000 civarında idisə, amma son nümayişlərdə həmin rəqəmlər 1000-1500 civarına enməkdədir. Artıq əvvəlki qədər müxalifət və onun tərəfdarları nümayişlərin uğurlu olacağına inanmırlar.
Ermənistan müxalifətinin nümayəndələrinin digər etiraz formaları da paytaxt İrəvanda bir neçə küçəni bağlamağa etdikləri cəhd olub. Etiraz aksiyası səbəbindən bir neçə küçədə tıxac yaranıb. Aksiya zamanı polis 3 nəfər etirazçını saxlayıb. Saxlananlar arasında Ermənistan parlamentinin sədrinin keçmiş müavini Eduard Şarmazanov da var. Şarmazanov Abovyan şəhərinin polis bölməsinə aparılıb. Ümumiyyətlə, aksiya zamanı 400-dən çox etirazçı saxlanılıb.
Görünən odur ki, uzun illər dövlət əmlakını mənimsəyən keçmiş xunta rejimi bu dəfəki hadisələrdə də fəal rol oynayır. Təbii ki, ipləri xarici dairələrin əlində olan Xocalı cəlladlarının canfəşanlığı Qarabağ məsələsini bəhanə edərək hakimiyyəti zorla ələ keçirmək kimi də qiymətləndirilə bilər. Buna baxmayaraq, etirazlarda iştirakçı sayının azlığı revanşist tayfanın təsir gücünün zəif olmasından xəbər verir.
Beləliklə, hakimiyyətə gəlmək üçün məqam axtaran və iqtidara hədə-qorxu gələnlər etirazların yeni dalğasının yaranmasında maraqlıdırlar. Lakin revanşist hisslə yaşayanlar dərk etməlidirlər ki, Azərbaycanın səbir kasası daşarsa, o zaman əlavə dəmir yumruq da işə düşəcək. Bu dəfə daha güclü və daha sərt formada...