«Azəriqaz» İB qış mövsümünə tam hazırdır
Noyabrın 5-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyevin iştirakı ilə media nümayəndələri üçün növbəti- üçüncü «Açıq qapı» aksiyası keçirilib.
Birliyin baş direktorunun sözlərinə görə, belə tədbirlərin təşkil olunmasında məqsəd media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulmasıdır. Belə ki, hər həftənin cümə günü saat 10:00-dan 12:00-a qədər istənilən mətbuat nümayəndəsinə suallarına cavab almaq imkanı yaradılır. Burada məqsəd yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin qazlaşdırılması ilə bağlı sualı cavablandıran baş direktor bildirib ki, həmin ərazilərin qazlaşdırılmasına dair Azərbaycan hökuməti tərəfindən proqram hazırlanır. Bu proqram 4 mərhələdə həyata keçiriləcək: «Qazlaşdırmanın birinci mərhələsində Şuşa, Füzuli, Ağdam qazlaşdırılacaq. Xüsusilə, Şuşanın 2022-ci ildə qazlaşdırılmasına başlamaq üçün Birliyin əməkdaşları şəhərə ezam olunaraq qaz təsərrüfatına dair layihəni hazırlayırlar.»
Ruslan Əliyev jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu ilin noyabr ayının ilk dörd günü ərzində «Azəriqaz» İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 milyon kubmetr artıq qaz qəbul edib. Onun sözlərinə görə, bu artım havanın ötən ilin müvafiq dövrü ilə müqayisədə daha erkən soyuması səbəbindən reallaşıb.
Baş direktor onu da əlavə edib ki, qış mövsümündə gündəlik qaz istehlakı pik dövrlərdə 50 milyon kubmetrdən hətta və daha yüksək ola
bilər. Hazırda 2, 4 milyon abonentə xidmət edirik və mövcud abonentlərin qaz istehlakını tam təmin etməyə hazırıq.
Ruslan Əliyevin sözlərinə görə, «Azəriqaz» İstehsalat Birliyi qış mövsümünə hazırlıqla bağlı hazırlanmış Tədbirlər planına uyğun olaraq ciddi işlər həyata keçirib: «Ona görə də güman edirik ki, bu qış qazla bağlı problemlər olmayacaqdır.»
Abonentlərə verilən təbii qazın keyfiyyətinə dair sualı cavablandıran Birlik rəhbəri bildirdi ki, bu, tam dövlət standartlarına uyğundur: «Düzdür, ötən il qaz kəmərlərinə maye sızmaları halları baş versə də dərhal problem aradan qaldırılmışdı. İndi isə biz aldığımız təbii qazın keyfiyyətinin yüksəldilməsi üçün qaz xətlərinə təmizləyici separatorlar və süzgəclər quraşdırırıq. Gələn il daha 1000 ədəd süzgəc qurmağı planlaşdırırıq.»
Elçin Zaman, «İki sahil»