Əziz neftçilər!
Sizi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş, böyük qəhrəmanlığın, mətanətin, misilsiz şücaətin, Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilmiş, doğma torpaqlarımıza əbədi azadlıq və sülh gətirmiş, soydaşlarımızın qəlbindəki Vətən həsrətinə birdəfəlik son qoymuş möhtəşəm Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində böyük hünər göstərərək, doğma torpaqlarımızı qarış-qarış mənfur düşmənin caynağından qurtararaq, dövlətimizin ərazi bütövlüyünü əbədi bərpa etdi, qəlbi 30 illik Vətən həsrəti ilə döyünən soydaşlarımızın intizarına son qoydu. Qəhrəman Azərbaycan əsgəri təkcə Vətənimiz üçün deyil, bütün region üçün təhlükə olan erməni faşizminin başını əzərək, sülhün və əmin-amanlığın, azadlıq və rifahın qarantına çevrildi.
Bu böyük Zəfər bizim qürurumuz, şanlı tariximizdir, Vətənimizin bir qarışına belə əyri gözlə baxmağa çalışan hər kəsin başına enəcək “Dəmir yumruğ”un təntənəsidir. Bu Zəfər Vətən torpağını qanı bahasına qoruyaraq şəhidlik zirvəsinə ucalmış övladlarımızın ölməzlik, qəhrəmanlıq salnaməsidir. Azərbaycan bu tarixi Qələbə ilə yenilməzliyini dünyaya bir daha sübut etdi.
Bu Zəfər ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, bu gün cənab Prezident İlham Əliyevin inamla və böyük uğurla həyata keçirdiyi qalibiyyətli siyasi kursun, xalqımızın öz Liderinə olan dərin inam və etimadının, sarsılmaz birliyinin, eləcə də ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafının, ordu quruculuğuna sərf olunan titanik səylərin nəticəsidir.
44 günlük şanlı Vətən müharibəsi dövründə də əməkçilərimiz böyük əzmlə çalışmış, qarşıda duran tapşırıqların öhdəsindən layiqincə gəlmiş, ordumuzun Zəfər yürüşünə dəyərli töhfələr vermişlər. Bütün xalqımız kimi, SOCAR ailəsinin üzvləri, xüsusilə gənc mütəxəssislərimiz müxtəlif ictimai aksiyalarda yüksək vətəndaşlıq mövqeyi və fəallıq nümayiş etdirmişlər. Amma əsl igidliyi və hünəri, əlbəttə ki, müharibənin ilk günlərindən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş könüllülərimiz göstərmişdir. Rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşündə SOCAR ailəsinin 500-dən artıq üzvü birbaşa iştirak etmişdir. 126 sürücümüz döyüş bölgələrinə müxtəlif daşımalara cəlb olunmuşdur. Qırxdan çox əməkdaşımız döyüş əməliyyatlarında yaralanıb, müxtəlif dərəcəli xəsarətlər almışdır. 6 unudulmaz həmkarımız – Alı, Oqtay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək, şəhidlik məqamına yüksəlmişlər. Bu gün biz bütün şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyir, qazilərimizə şəfa diləyir, Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmiş igidlərimizlə qürur duyuruq. Şəhid ailələrinin, müharibə iştirakçılarının sosial-məişət problemləri şirkətimizdə daim diqqət mərkəzində saxlanılacaqdır.
Əziz neftçilər!
Bir daha sizi bu əziz gün - Zəfər Günü münasibətilə təbrik edirəm, hər birinizə möhkəm cansağlığı, Azərbaycanın gücünə güc qatan şərəfli əməyinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev, SOCAR-ın prezidenti