05 noyabr 2021 20:40
1061

Zəfərimiz milli qürurumuzdur - FOTOLAR

SOCAR-ın Kompleks Qazma İşləri Trestində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Noyabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks Qazma İşləri Trestində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Vətən torpaqları uğrunda canından keçən şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Kompleks Qazma İşləri Trestinin baş mühəndisi Aydın Sailov bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsidir: “Uzun illər düşmən işğalında qalan  doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən   əsl sahiblərinə geri qaytarılmasının son akkordu olan  bu  tarix  hər birimiz üçün əsl bayram, qürur mənbəyidir. 30 illik həsrətə 44 gün ərzində son qoyan Azərbaycan nəhayət ki, dünyanın eşitmək istəmədiyi haqq səsini hər kəsə eşitdirdi və öz məsələsini özü həll etməyi bacardı.”

“Azərbaycan xalqı tək ürək olub «dəmir yumruğ»un ətrafında sıx birləşərək dünyaya birlik mesajını ən gözəl şəkildə nümayiş etdirdi” söyləyən Qazma İşləri Trestinin ümumi işlər üzrə müdir müavini Faiq Hüseynov vurğulayıb  ki, Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında qələbə sadəcə tanklarla, toplarla deyil, eyni zamanda, ağıl, zəka, hünər, cəsarət,  ən əsası Vətənə olan dərin məhəbbət və bağlılıq hissi ilə də qazanılır: “Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi istehkamları məhv edərək həsrətində olduğumuz Qələbəni bizlərə yaşadan ordumuzun şücəati, döyüş taktikası  dünya hərb tarixinə düşəcək səviyyədə qəbul edilir. Bu da təbii olaraq düşmənə məğlubiyyəti etiraf etməkdən başqa heç bir çarə buraxmadı.”

İstehsalat üzrə müdir müavini  Səday Allahverdiyev çıxışında Qarabağ Zəfərinin Azərbaycanın həm hərbi, həm də diplomatik qələbəsi olduğunu vurğulayıb: “ Bu Zəfər bizə asan başa gəlmədi. Dövlətimiz  qətiyyətindən dönmədi  və bütün dünya bir daha Azərbaycanın gücünün, qüdrətinin  şahidi oldu.”

“Böyük Qələbəni qanları, canları bahasına alan şəhidlərimizin ruhları şaddır. Çünki Azərbaycanın üçrəngli bayrağı bu gün Qarabağda- Şuşada dalğalanır,”-deyə vurğulayan   Trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhmədağa Əzizov bildirib ki, tarixi Zəfər ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin dünya azərbaycanlılarına verdiyi ən böyük hədiyyəsidir! “ “Qarabağ Azərbaycandır və nida işarəsi»” hələ müharibədən əvvəl hər birimiz üçün ən böyük şüar idi. Bu şüar artıq sadəcə sözdə qalmadı.  Biz Şuşaya, Qarabağa qayıtdıq və hər kəsə sübut etdik ki, Azərbaycan tək bir qarış torpağında gözü olan heç kəsə güzəştə getməyəcəkdir.”

Sonda SOCAR-ın  Kompleks  Qazma İşləri Trestinin qazi və şəhid ailələrindən olan əməkdaşlarına SOCAR-ın «Fəxri Neftçi» döş nişanları, fəxri fərmanları və müxtəlif mükafatları təqdim olundu.

Daha sonra isə tədbir iştirakçıları İkinci Fəxri xiyabanda  Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət yad etdilər.

Nilufər Mustafaqızı,
Vüsal Cahanov (foto), «İki sahil»