05 noyabr 2021 20:04
1252

SOCAR əməkdaşları 3 minə yaxın ağac əkiblər

Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirib.

"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, bu gün Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilib. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.

Keçirilmiş iməciliklər SOCAR-ın fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədi ilə aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlaşdırma işlərinin davamı olub, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verib.

2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşulan SOCAR "Nəsimi İli" çərçivəsində ölkəmizdə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib, 100 min ağac əkib. Ümumiyyətlə, bu günə qədər SOCAR əməkdaşları müxtəlif ərazilərdə 1 milyondan çox ağac-kol və gül bitkiləri əkib. Eyni zamanda son 15 il ərzində əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 4040 hektarlıq mədən ərazilərinin 2 888 hektarı təmizlənərək bərpa edilib.