09 noyabr 2021 09:15
976

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 9 Noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli və müdrik komandanlığı altında dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasının birinci ildönümünün sonsuz sevinc və qürurunu yaşayırıq. Qəhrəman Azərbaycan əsgərlərinin düşməndən təmizlədiyi doğma ata-baba torpaqlarımızda – Qarabağda, Şərqi Zəngəzurda üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımız Dövlət Bayrağı Günündə vüqarla dalğalanır. Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində və möhtəşəm Zəfərimizdən ötən bir ildə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng tikinti-quruculuq və bərpa-yenidənqurma layihələrinin uğurla başa çatmasında qələbələrimizin təminatçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlıq duyğuları yerə-göyə sığmır. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımız böyük ruh yüksəkliyi ilə misilsiz milli həmrəylik nümayiş etdirərək, şanlı 44 gün ərzində düşməni diz çökdürmüş, təslim aktı imzalamağa məcbur etmişdir. Zəngin tarixə, şərəfli əmək ənənələrinə malik neftçilərimiz də Vətən müharibəsi dövründə bütün xalqımız kimi ön cəbhədə Azərbaycanın yeni tarixini yazan şanlı ordumuza dəstək olmaq üçün gecəli-gündüzlü əzmkarlıqla çalışmış, qarşımıza qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi naminə var qüvvələrini səfərbər etmiş, rəşadətli Milli Ordumuzun Zəfər yürüşünə layiqli töhfələr vermişlər. Böyük şərəf duyuruq ki, məkrli düşmən müqəddəs yurdlarımızdan qovulub çıxarılmış, uca bayrağımız Qarabağın hər bir guşəsində qaldırılmışdır.  

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən müdrik və uzaqgörən siyasət müstəqil dövlətçiliyimizin ən etibarlı qarantıdır və Azərbaycan xalqını inkişaf və tərəqqi yolu ilə daha yüksək zirvələrə aparır. Bu gün bütün dünya Azərbaycan həqiqətlərini dinləyir, ölkəmizin tərəqqi və inkişafını alqışlayır, siyasi-iqtisadi qüdrətini, hərbi rəşadətini etiraf edir, güclü və müasir bir dövlətə çevrildiyini təsdiqləyir. Möhtərəm Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, bizim müstəqilliyimiz əbədidir. Heç bir qüvvə Azərbaycanın dövlət suverenliyinə xələl gətirə bilməz, çünki bizim möhkəm, etibarlı əsaslar üzərində qurulmuş, müdrik və uzaqgörən bir siyasətə söykənən qüdrətli dövlətimiz, rəşadətli ordumuz və xalqının iradəsini gerçəkliyə çevirən yenilməz sərkərdəmiz - Ali Baş Komandanımız var.

Əziz neftçilər!

Bu əlamətdar gündə Sizin hamınızı bir daha Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan iqtisadiyyatının çiçəklənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə fədakar əməyinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev, SOCAR-ın prezidenti