SOCAR əməkdaşları “Zəfər Günü” münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirmişdir.
“İki sahil” xəbər verir ki, noyabrın 5-də Bibiheybət ərazisində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilmişdir. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak etmişlər.

İməcilik zamanı SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR-ın media nümayəndələrinə müsahibə vermişdir. O, öz fikrini ifadə edərkən demişdir: “Hazırda çox həssas bir məqamdır. Torpaqlarımızın azadlığı uğrunda aparılan haqq savaşından xalqımızın qalib gəlməsinin ilk ildönümü ərəfəsindəyik. Biz bir SOCAR ailəsi olaraq, 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən və qəhrəmancasına həlak olan şəhidlərimizin ruhlarının şad olması üçün onların sayı qədər ağac əkdik. Əkilən bu ağaclara xüsusi qayğı ilə qulluq ediləcəkdir. İnanıram ki, bu ağaclar böyüdükcə, Azərbaycanın bütövlüyü uğrunda, vətənimizin hər bir qarış ərazisni işğalçılardan azad etmək üçün müqəddəs savaşa yollanmış və mənfur düşməni məhv edərək, özləri də vətən naminə şəhidlik ali zirvəsinə yüksəlmiş döyüşçülərimizin ruhları şad olacaq!”
İməciliyə qatılan II Qarabağ savaşının qazi və veteran neftçiləri ilə səmimi söhbət edən SOCAR rəhbərliyi onlarla fəxr etdikərini, qürur duyduqlarını bildirdilər. Neftçilərin problemləri və qayğıları ilə yaxından maraqlanıb, çətinliklərin həlli istiqamətində təxirəsalınmaz işlərin görüləcəyini qeyd etdilər. Vətən uğrunda döyüşlərdə iştirak etmiş neftçilər diqqət və qayğıya görə SOCAR rəhbərliyinə öz minnətdarlıqlarını çatdırdılar. İməciliyin sonunda xatirə şəkilləri çəkildi.