11 noyabr 2021 17:14
1228

SOCAR-ın rəhbərliyi nüfuzlu beynəlxalq “COP26” tədbirində iştirak edib - FOTO

Cari ilin 31 oktyabr - 12 noyabr tarixlərində Birləşmiş Krallığın təşkilatçılığı ilə Qlazqo şəhərində növbəti sessiya – “COP26” keçirilib. Beynəlxalq səviyyəli konfransda iştirak etmək məqsədilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qlazqo şəhərinə səfər edib.

Məlum olduğu kimi, 1994-cü ildə qüvvəyə minmiş BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyası çərçivəsində hər il “Tərəflərin Konfransı (Conference of the Parties – COP)” keçirilir. 

Bir sıra xarici ölkə başçılarının, nazirlərin, dövlət məmurlarının, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə nəhəng şirkət rəhbərlərinin qatıldıqları tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda baş tutan müzakirələrdə Rəfiqə Hüseynzadə fikir mübadiləsi aparıb, atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, SOCAR-ın ekologiya sahəsində ən böyük uğuru və məqsədi bütün dünyanın qəbul etdiyi NetZero hədəflərinə çatan ilk şirkətlərdən biri olmaqdır. Belə ki, SOCAR artıq istehsalatda səmt qazı atqılarını 2%-ə endirməyə nail olub və 2022-ci ildə istehsalatda olan emissiyaları sıfra endirmək hədəfinə çatmağı qarşısına məqsəd qoyub. Bu gün SOCAR tərəfindən təhvil verilən 6 milyard m3 qazın 2 milyard m3 həcmi ekoloji layihələrin nəticəsi olaraq, səmt qazının tutulması hesabına əmələ gəlir.

Səfər çərçivəsində Qlazqo şəhərində R.Hüseynzadə hidrogen enerjisi istehsal edən bir sıra aparıcı şirkət rəhbərləri ilə görüş keçirib və “mavi hidrogen” enerjisinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirələr aparıb. Müzakirələr zamanı xarici şirkət rəhbərləri Azərbaycanın “mavi hidrogen” enerjisi sahəsində böyük potensiala malik olduğunu etiraf edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

İşgüzar görüşlər zamanı Şotlandiya hökumətinin üzvü, Şotlandiyanın NetZero, energetika və nəqliyyat məsələləri üzrə naziri cənab Maykl Metisonun, Şotlandiya hökumətinin “Hidrogen siyasəti” üzrə rəhbəri cənab Stüard Makkeyin, Aberdin Şəhər Şurasının başçısı cənab Riçard Svitnamın, hidrogen enerjisi ilə məşğul olan şirkətlərin icraçı direktorlarının, həmçinin beynəlxalq neft-qaz şirkətləri rəhbərlərinin dəvət olunduqları xüsusi təşkil edilən “Hidrogen günü” tədbirinə qoşulan R.Hüseynzadə hidrogen enerjisinin geniş tətbiqinin iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində öz töhfəsini verəcəyini qeyd edib.

Tədbir çərçivəsində Rəfiqə Hüseynzadə BP-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə, BP-nin vitse-prezidenti Nigel Dunnla, “Hydrogen, Howden Group” un qlobal direktoru Salah Mahdi ilə fikir mübadiləsi aparıb.  BP-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə bu sahədə növbəti görüşün Bakıda keçirilməsi və birgə fəaliyyətin dərinləşdirilməsi haqqında razılığa gəlinib.

Orxan Vahidoğlu, “İki sahil”