Əziz neftçilər!
Sizi müstəqil Azərbaycan dövlətinin əlamətdar tarixlərindən olan Konstitusiya və Milli Dirçəliş günləri münasibəti ilə təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram.
Artıq ikinci ildir ki, bu bayram günlərini xalqımızın erməni faşizmi üzərində tarixi Zəfərinin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qeyd edirik. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın yenilməzliyi və sarsılmaz birliyi, ordumuzun misilsiz qəhrəmanlığı və şücaəti ilə qazanılan bu möhtəşəm Zəfərin kökləri milli dirçəlişimizin başlanğıcına gedib çıxır. 1988-ci ildə Dağlıq Qarabağda baş qaldıran separatçı qüvvələrə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərinə və münaqişənin həllində mərkəzi hakimiyyətin tutduğu ədalətsiz mövqeyə qarşı yüksələn etiraz səsləri bir müddət sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələnən milli-azadlıq mübarizəmizin başlanğıcı idi. Müstəqilliyimizin ilk illərində xarici təzyiqlər və ölkədaxili çəkişmələr məngənəsində sıxılan gənc dövlətimizin xilas yolu o zaman ulu öndərimiz Heydər Əliyevin siyasi dühası ilə işıqlandı. Xalqımızın Ümummilli Lideri azadlıq və yüksəliş yolumuzu istiqamətləndirərək, müdrik və uzaqgörən qərarları ilə Azərbaycanda siyasi sabitlik yaratdı, cəbhədə atəşkəsə nail oldu, “Əsrin müqaviləsi”nin imzalanması ilə sosial-iqtisadi inkişafın təməli qoyuldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu yolunda atılmış önəmli addım oldu. Konstitusiya müstəqil dövlətimizin əsaslarını qoruyub saxlamağa imkan yaratdı, cəmiyyətimiz üçün həyati əhəmiyyət daşıyan dəyişikliklərə yol açdı. Azərbaycan vətəndaşlarının sosial müdafiəsinə tam təminat verən, fundamental hüquq və azadlıqlarını, azad iqtisadiyyat, yerli özünüidarəetmə prinsiplərini ictimai həyatın kardinal normaları kimi təsbit edən Əsas Qanun respublikamızda demokratik təsisatların qurulmasının təməli oldu, ictimai sabitlik və həmrəyliyin qarantına çevrildi.
Əziz neftçilər!
Bu gün müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında zəfərdən zəfərə doğru inamla irəliləyir. İnkişaf və tərəqqi yolunda əldə olunan misilsiz nailiyyətlər dövlətimizin qüdrətini, xalqımızın rifahını gündən-günə yüksəldir və bizi daha işıqlı, daha xoşbəxt sabahlara ruhlandırır. Bütün xalqımız kimi, neftçilər də yaxşı bilirlər ki, bütün qələbələrimizin təşəbbüskarı və təminatçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımızdır. Zəfər müjdəli bu təntənəli günlərdə şanlı tarixə, zəngin əmək ənənələrinə malik çoxminli neftçilər ordusu adından Zati-alilərinə sonsuz minnətdarlıq duyğularımızı ifadə edirik.
Əziz neftçilər!
SOCAR ailəsinin bütün üzvlərini ölkəmizin tarixində mühüm yer tutan əlamətdar bayramlar - Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, Azərbaycanın tarixi zəfərlərinə əvəzolunmaz töhfələr verən fədakar əməyinizdə hamınıza daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
Rövnəq Abdullayev, SOCAR-ın prezidenti