12 noyabr 2021 17:58
1028

Güman edirik ki, bu qış təbii qazla bağlı problemlər olmayacaq - Ruslan Əliyev

Noyabrın 12-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyevin iştirakı ilə media nümayəndələri üçün növbəti- dördüncü «Açıq qapı» aksiyası keçirilib.

Birliyin baş direktorunun sözlərinə görə, belə tədbirlərin təşkil olunmasında məqsəd media ilə əlaqələrin daha səmərəli və daha məhsuldar qurulmasıdır. Yəni,  yanlış məlumatların cəmiyyətə inteqrasiyasının qarşısını almaq, ictimai fikrin çaşdırılmasına imkan verməməkdir. 

Ruslan Əliyev sayğacların guya artıq ödəniş yazması ilə bağlı suala cavab verərək bildirib ki, bu gün abonentlər üçün quraşdırılan sayğacların 57 faizi mexaniki, 43 faizi isə smartkart tiplidir. Bu sayğaclarAzərbaycan Metrologiya İnstitutunun yoxlamalarından keçib və möhürlənib. Hər iki sayğacın artıq sərfiyyat  yazması qeyri-mümkündür: «Ona görə də tam qətiyyətlə deyə bilərəm ki, sayğacların artıq yazması ilə bağlı fikirlər uydurmadır. Hətta bununla bağlı şikayətçilərin iştirakı ilə araşdırmalar aparılarkən məlum olur ki, sayğaclar qaz sərfiyyatına görə ödənişləri düzgün hesablayıb.»  

Ruslan Əliyevin sözlərinə görə, «Azəriqaz» İstehsalat Birliyi qış mövsümünə hazırlıqla bağlı hazırlanmış Tədbirlər Planına uyğun  olaraq ciddi işlər həyata keçirib: «Ona görə də güman edirik ki, bu qış təbii qazla bağlı problemlər olmayacaq.»

Abonentlərə verilən təbii qazın keyfiyyətinə dair sualı cavablandıran Birlik rəhbəri bildirib ki, bu, tam dövlət standartlarına uyğundur: «Düzdür, ötən il qaz kəmərlərinə maye sızmaları halları baş versə də dərhal problem aradan qaldırılmışdı. İndi isə biz aldığımız təbii qazın keyfiyyətinin yüksəldilməsi üçün qaz xətlərinə təmizləyici separatorlar və süzgəclər quraşdırırıq.»

«Azəriqaz» İB-nin baş direktoru jurnalistlərin suallarını cavablandırarkən bildirib  ki,  hazırda Birliyin Abonent bazasından idarə olunan sayğaclar mövcud deyildir. Ancaq gələn ildən sayğacların idarə olunması sistemini tətbiq etməyi planlaşdırırıq. 

Ruslan Əliyev «Azəristiliktəchizat» Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) «Azəriqaz» İB-yə olan 34 milyon manatlıq borcu barədə məlumat verərək bildirib ki, bu həmin təşkilatın cari borcu deyil, ötən aylardan qalan borcudur: «Biz «Azəriqaz» İB olaraq bu borcun ödənilməsində israrlıyıq. Çünki qaz təsərrüfatının daha yaxşı xidmət göstərməsi və onların təbii qazla normal təmin edilməsi üçün borcun ödənilməsi vacibdir.»   

Elçin Zaman, «İki sahil»