30 dekabr 2021 09:00
2822

SOCAR-ın prezidenti neft-qaz sənayesi işçilərini təbrik edib

SOCAR prezidentinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə neft-qaz sənayesi işçilərinə təbriki

Əziz neftçilər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və xalqımızın rifahı naminə fədakar əməyinizdə hər birinizə uğurlar arzulayıram.

Yola saldığımız 2021-ci il Azərbaycan xalqının həyatında əlamətdar yeniliklər, zəfər imzalı böyük quruculuq işləri ilə yadda qaldı. Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında yenilməz ordumuzun azad etdiyi doğma Qarabağ torpaqlarını ölkəmizin yüksək templi, dinamik inkişafına qovuşdurmaq üçün həyata keçirilən layihələr artıq öz bəhrələrini verməkdədir. İşğaldan azad olunmuş bölgələrimizdə bərpa və quruculuq işləri get-gedə daha da sürətlənir, soydaşlarımızın uzun illər ayrı düşdükləri doğma yurd-yuvalarına qayıtmalarının, onların dinc və firavan həyatının təmin olunması məqsədi ilə genişmiqyaslı tikinti və abadlıq işləri görülür, eyni zamanda diplomatik uğurlar qazanılır. 2021-ci ildə əldə etdiyimiz bütün nailiyyətlər möhtərəm Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın mətin siyasi iradəsi, dönməz, qətiyyətli, uzaqgörən liderliyi sayəsində qazandığımız Böyük Zəfər yolunun davamıdır.  Bütün qələbələrimizin başlıca qaynağı, tükənməz ilham mənbəyi ölkəmizin iqtisadi qüdrətinin, xalqımızın dincliyi və əmin-amanlığının, maddi rifah halının durmadan yüksəldilməsi, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın sarsılmaz birliyi və həmrəyliyi naminə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin inamlı, qətiyyətli rəhbərliyi altında yorulmadan həyata keçirilən müdrik və uzaqgörən siyasətdir. Bütün müvəffəqiyyətlərimiz bu qalibiyyətli siyasi kursun zəfər təntənəsini əks etdirir.  

Əziz neftçilər!

Doğma Vətənimiz Azərbaycanı daha işıqlı sabahlara aparan bu zəfər yürüşündə siz, həmişə olduğu kimi, bu gün də ön sıralarda addımlayır, ölkəmizin  iqtisadi qüdrətinə öz qəhrəman əməyinizlə davamlı dəyər qatırsınız. Dünya neft sənayesi tarixinə bir-birindən parlaq səhifələr yazmış şanlı sələflərimizin zəngin əmək ənənələrinə daim sadiq qalaraq, xalqımızın xoşbəxt gələcəyi naminə qarşınıza qoyulan vəzifələri ləyaqətlə yerinə yetirir, iqtisadiyyatımıza yeni-yeni töhfələr vermək üçün daim fədakarlıqla çalışırsınız. Bu bayram günlərində də bir çoxunuz əmək növbəsindədir. Mən Yeni ili dəniz özüllərində, mədənlərdə, estakada və  platformalarda qarşılayan həmkarlarımızı xüsusi salamlamaq istəyirəm. Biz hamımız şanlı SOCAR ailəsinin üzvləri olmağımızla, Vətənimizə, xalqımıza, Prezidentimizin möhtəşəm siyasətinə  ləyaqətlə xidmət etməyimizlə qürur duyuruq. Zati-aliləri möhtərəm Prezidentimizi bu bayram günündə əmin edirik ki, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin bundan sonra da vüsətlə davam etməsi, respublikamızın dünya iqtisadiyyatında tutduğu mövqelərin daha da gücləndirilməsi üçün bundan sonra da əzmlə çalışacaq və daha böyük nailiyyətlərə imza atacağıq.

Əziz neftçilər!

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2022-ci il münasibəti ilə bir daha sizi ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, könül xoşluğu, ailə səadəti, bol ruzi-bərəkət və yeni ildə yeni uğurlar arzulayıram. 

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti