"Azəriqaz" İB bu suala aydınlıq gətirib
Yanvarın 7-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Aksiyada jurnalistlərin suallarını Birliyin xidmət rəhbərləri cavablandırıblar. Belə ki, qaz tarifi limitlərinin sıfırlanması haqqında sualı cavablandıran «104 Operativ Xidmət» şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, abonentlər tərəfindən «Azəriqaz» İstehsalat Birliyinin «104 çağrı» mərkəzinə sonradan ödənişli sayğaclarda (mexaniki sayğaclar) tarif limitlərinin sıfırlanması ilə bağlı 144 min sayğac şəkili göndərilib: «Qəbul olunan şəkillərin 30 faizi oxumaq üçün yararlı olub. Bu 30 faizin 85-90 faizi artıq emal olunub və bazaya yerləşdirilib.»
Xalidə Şimşəyin sözlərinə görə, hazırda respublika üzrə 1,5 milyona yaxın abonent mexaniki sayğaclarla təmin olunub ki, onun da 370 mini Bakı və Abşeronun payına düşür.
Jurnalistlərin «Qışın sərt keçdiyi ucqar rayonlarda qaz tariflərində güzəştlərin edilməsi ilə bağlı təkliflər nəzərdə tutulubmu» sualını cavablandıran Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev bildirib ki, «Azəriqaz» İB-nin belə bir səlahiyyəti yoxdur: «Amma bir şeyi qeyd etmək istəyirəm ki, mövsümlə əlaqədar qışın harada sərt keçməsi ilə bağlı ümumi hesabat götürəndə Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən abonentlərlə ucqar rayonlardakı abonentlərin qaz sərfiyyatının eyni olduğu müşahidə olunub. Bu, təxminən 4000-6000 kub həcmindədir. Bu isə deməkdir ki, sərfiyyat arasındakı fərq cüzidir. Ümumiyyətlə, bu məsələ ilə bağlı hansısa əsaslandırılmış təklif hələ ki, verilməyib»
Sənaye torpaqlarında salınan yaşayış məntəqələrinin qazlaşdırılmasına dair verilən sualı «Azəriqaz» İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov cavablandırıb. Bildirib ki, bu ərazilərin qazlaşdırılması ilə bağlı mütləq hökumətin müvafiq qərarı olmalıdır. Bu halda qazlaşma layihəsi hazırlanaraq işə başlanıla bilər.
Onun sözlərinə görə, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün qazlaşdırma işləri ilə məşğul olan podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Yəni, belə çəkilişlərdə qanundankənar heç nə yoxdur. Layihələndirilmə işlərindən sonra podratçı təşkilatlar sakinlərdən toplanan həmin vəsait hesabına qazlaşdırmanı başa çatdıra bilərlər.»
Qeyd edək ki, «Açıq qapı» aksiyası, eyni zamanda, «Facebook» sosial şəbəkəsi üzərindən də yayımlanırdı. Buna görə də Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev abonentlərin «Facebook» üzərindən verilən suallarını da cavablandırdı.
Elçin Zaman, "İki sahil"