10 yanvar 2022 17:59
1152

“Qazmaçı” səviyyəsi üzrə təlim kursuna start verilib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Beynəlxalq Qazma Podratçıları Assosiasiyası (İADC) tərəfindən akkreditə olunmuş təlim kursunun növbəti səviyyələrinin tədrisinə başlayıb.

2022-ci il 10 yanvar tarixində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Kadr hazırlığının təşkili mərkəzində “Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well Control) proqramı əsasında “Qazmaçı” səviyyəsi üzrə təlim kursuna start verilib. Təlimdə SOCAR-ın “Azneft” İstehsalat Birliyi, Sənaye Təhlükəsizliyi İdarəsi, “Kompleks Qazma İşləri” Trestinin əməkdaşları iştirak edirlər. Bu münasibətlə onlayn rejimdə keçirilmiş görüşü giriş sözü ilə açan Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov ötən 8 il ərzində sözügedən təlimdən irəli gələn məsələlərin həlli haqqında geniş və ətraflı çıxış edib. Sonra SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov öz nitqində TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində keçirilən təlimin qarşıya bir hədəf kimi qoyulduğunu, qazma sahəsində tətbiq edilən müasir avadanlıqların və metodikaların dinləyicilərin bilik və bacarıqlarının artırılmasına töhfə verəcəyini və nəticə etibarilə, qazma prosesinin təhlükəsiz və effektiv şəkildə formalaşdırılmasına zəmin yaradacağını bildirərək təlimçi heyətinə və dinləyicilərə tövsiyələr verib və onlara uğurlar arzulayıb. Öz növbəsində SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident Daşqın İskəndərov çıxış edərək “Qazma zamanı quyuda baş verən təzahürlərə nəzarət” (Well Control) proqramı üzrə təlim kursunun akkreditə edilməsinin neft-qaz sənayesi üçün praktiki əhəmiyyəti, habelə təlimdə öyrədiləcək metodların və qazma rejimi parametrlərinin mövcud yataqlarda quyuların təhlükəsiz şəkildə qazılmasında faydalı olacağını bildiriblər. Daha sonra“Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov, Sənaye Təhlükəsizliyi İdarəsinin rəisi İskəndər Şirəli, “Kompleks Qazma İşləri” Trestinin müdiri Elnur Süleymanov təbriklərə qoşularaq təlim kursunun təşkilatçısı olan TTSİ-yə minnətdarlıqlarını ifadə edib, dinləyicilərə uğurlar arzulayıblar.

Sonda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov onlayn görüşə yekun vuraraq kollektiv adından SOCAR-ın rəhbərliyinə və aidiyyəti məsul şəxslərə göstərilən diqqətə və dəstəyə görə öz təşəkkürünü bildirib.

Məlumat üçün bildiririk ki, ABŞ-ın Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (İADC) “WellSharp Drilling Operations” proqramı çərçivəsində akkreditasiyadan keçmiş təlim kursu dəniz və quru yataqlarında çalışan qazmaçıların hazırlanması və təkmilləşdirilməsi, habelə onların quyuətrafı sahələrdə yarana bilən risk və böhran vəziyyətlərinə hazırlıq səviyyəsinin təmin edilməsini nəzərdə tutur.

Qeyd edək ki, TTSİ 2021-ci ilin iyun ayında bu proqramın ilkin (Introductory) səviyyəsinin tədrisini həyata keçirmiş və SOCAR-ın müxtəlif müəssisələrini təmsil edən 10 nəfər dinləyici təlim kursunu uğurla başa vuraraq beynəlxalq səviyyədə tanınan sertifikatlara layiq görülmüşdür.