KÖŞƏ

Elçin Zaman

Dəm qazından zəhərlənmələr

26 yanvar 2022 23:57
3524

Kimdir günahkar?

Son günlər dəm qazından zəhərlənmələrin sayının artması təbii qazdan təhlükəsiz istifadə məsələlərini aktuallaşdırıb. Məhz bu tip faciələrin qarşısını almaq üçün əlaqədar təşkilatların konkret tədbirlər planları olmalıdır. Təbii ki, qaz zəhərlənmələrində ənənəvi olaraq daha çox SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) adı hallanır. Ancaq o da məlumdur ki, qazdan təhlükəsiz istifadəyə nəzarət mexanizmi bir neçə ildir ki,  Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarına həvalə edilib. Bununla belə, «Azəriqaz» İB abonentlərə qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə dair  tövsiyə xarakterli müraciətlər edir, onlarla maarifləndirmə işləri aparır. 

Araşdırmalar göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin  95 faizi vanna otaqlarında baş verir. Buna səbəb isə vanna otaqlarında quraşdırılan su qızdırıcılarının ventilyasiya kanallarına qoşulmaması, həmçinin bina və mənzillərdə tüstü bacaları və ventilyasiya sistemlərinin vaxtaşırı təmizlənməməsidir. Digər səbəb isə kipləşdirilmiş plastik qapıların aşağı hissəsində havanın ventilyasiyası üçün dəliklərin olmamasıdır və vanna otaqlarında asma tavan quraşdırmaqla otağın həcminin kiçildilməsidir. Zəhərlənmələrlə müşahiyət olunan hadisələrin digər qismi isə xaricdən gətirilən və bir çox hallarda standartlara cavab verməyən qızdırıcıların quraşdırılmasıdır.

Bəs, bu faciələrin qarşısının köklü surətdə alınması üçün daha nələr etmək olar? Təbii ki, ilk növbədə yaşayış binalarında istilik sistemləri bərpa edilməli, tüstü  bacası olmayan vanna otaqlarında təbii qazla işləyən bütün növ cihazların quraşdırılması və istismarı qadağan olunmalıdır. Mənzillərdə FHN-in müvafiq xidmətlərinin və digər məsul təşkilatların nümayəndələrinin iştirakı ilə növbədənkənar  texniki baxışlar təşkil etməklə tüstü bacaları və ventilyasiya kanalları vaxtaşırı yoxlanılmalı və təmir edilməlidir. Xüsusən fərdi yaşayış evlərinin və binaların  tüstü bacalarının və ventilyasiya sistemlərinin yoxlanılması və təmir edilməsi ilə məşğul olan təsərrüfat hesablı peşəkar təşkilatlar yaradılmalıdır. Mənzillərdə təbii qazı (metan) və dəm qazını aşkar edən detektorlar quraşdırılmalıdır.

Bunlarla bərabər, Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda tərəflərin öhdəliklərinin icra olunmasına nəzarət üçün aidiyyəti dövlət qurumlarının iştirak etdikləri xüsusi komissiyalar təşkil olunmaqla  mənzillərdə davamlı reydlər keçirilməlidir. Ölkəmizə təbii qazla işləyən sobaların ixracına nəzarət  ciddi şəkildə gücləndirilməlidir.

Bütün bunlara rəğmən şəxsi qənatimi də bölüşmək istəyirəm: dəm qazından zəhərlənmələrin və təbii qaz partlamalarının əsas səbəblərindən biri bəzi vətəndaşların məsuliyyətsizliyidir. Bildikləri halda ki, standarta uyğun olmayan qaz cihazlarından istifadə, mənzil daxilində qaydalara uyğun olmayan qaz çəkilişləri mütləq halda zəhərlənmələrə, partlayışlara səbəb olur - yenə də bu mənfi tendensiyalara rəvac verirlər. Əslində, bu acı gerçəklikləri görəndə insanda belə bir fikir yaranır ki, sanki vətəndaşlar öz həyatlarını təhlükəyə atmaqda «həvəslidirlər.»

Bü gün Azərbaycanda 2 milyon 400 mindən çox təbii qazdan istifadə edən abonent var və onların hər birinə bir nəzarətçi təyin etmək mümkün deyildir. Bu halda faciələrin qarşısının alınmasında ən böyük məsuliyyət  və vəzifə elə abonentlərin özlərinin üzərinə düşür. Ona görə də abonentlər  xüsusilə soyuq qış aylarında  daha ehtiyatlı olmalı, təbii qazdan istifadə  qaydalarına düzgün əməl etməlidirlər.