Bu, respublika ərazisində meşə sahələrinin qorunmasına və bərpasına ciddi kömək edəcək
Fevralın 4-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov «Açıq qapı» aksiyasında meşəətrafı kəndlərin qazlaşdırılmasına dair sualı cavablandırıb. Bildirib ki, respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və bərpası məqsədilə həmin ərazilərin yaxınlığında yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində və kəndlərində mərhələli şəkildə müvafiq qazlaşdırma aparılacaq. Hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu diqqətə çatdıran şöbə rəisi bildirib ki, bunlardan 426-sı meşəətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli hesab edilir. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 2022-ci ildə sözügedən 260 kəndin 25-nin təbii qazla təmin edilməsi işləri həyata keçiriləcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq.
Teymur Cəfərov sənaye torpaqlarında salınan yaşayış məntəqələrinin qazlaşdırılmasına dair verilən cavablandıraraq bildirib ki, bu ərazilərin qazlaşdırılması ilə bağlı mütləq hökumətin müvafiq qərarı olmalıdır. Bu halda qazlaşma layihəsi hazırlanaraq işə başlanıla bilər.
Onun sözlərinə görə, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» kommunal xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir.
Yalnız bu proseslər tam başa çatandan sonra sakinlərin vəsaitləri hesabına məhəllələrin qazlaşdırılmasına başlamaq olar. Belə çəkilişlər qanuni hesab olunur və sakinlərin məişət firvanlığını təmin edir. Çəkiliş başa çatandan sonra istismara qəbul prosesini «Azəriqaz» İB-nin müvafiq qurumları həyata keçirir»
Elçin Zaman, «İki sahil»