KÖŞƏ

Sevinc Azadi

Ermənistanın hərbi cinayətinin daha bir sübutu

02 mart 2022 23:57
1745

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq ermənilərin dəhşətli əməllərinin gizli qalmayacağından xəbər verir

Ermənistanın 1980-ci illərin sonundan başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti bütün sahələrdə humanitar fəlakətlə müşayiət edildi. On minlərlə insanın öldürülməsi, yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilməsi ilə nəticələnən işğalçılıq və terror siyasətinin ölkəmizə vurduğu maddi və mənəvi zərərləri bu gün də rəqəmlərlə ifadə etmək çətindir. Yerlə-yeksan edilən şəhər və kəndlərimiz, talan olunan yeraltı və yerüstü sərvətlərimiz, düşmən vandalizminə məruz qalan tarixi abidələrimiz və daha nə qədər itkilər heç zaman yaddaşlardan silinməyəcək. Amma müharibənin ən dəhşətli fəsadları həm də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi, onların faşizm işgəncə metodlarına məruz qalması oldu. Nəticədə məsum, günahsız insanlar, o cümlədən uşaqlar yaşamaq hüququndan məhrum edildi, kütləvi məzarlıqlara gömüldülər.

Ermənilər xüsusən Birinci Qarabağ müharibəsində törətdikləri bu cinayətlərin bağlı qalacağını düşünsələr də zaman, tarix yanıldıqlarını göstərir. Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq bunun daha bir isbatıdır. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib. Şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var. Artıq xarici media nümayəndələri Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkiblər. Onlara vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev məzarlıq haqqında məlumat verib. O bildirib ki, 1993-cü ildə Bakı şəhərində həkim işlədiyi vaxt ermənilərin kəndlərinə hücum etdiyini eşidib və ailəsinə köməyə gəlib. Avqustda erməni hərbçilər onu girov götürüb. 48 gün Edilli kəndində girov saxlanılıb. Onun sözlərinə görə, erməni hərbçiləri döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu kəndə gətirərək qazılan quyulara töküb, üstünü torpaqlayıblar. Faktlar sübut edir ki, Edilli azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə edilib.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ermənilər ən ağlagəlməz üsullarla günahsız insanlara işgəncələr veriblər. Məsələn, əsir, girov götürülən mülki şəxslərin qarın nahiyələrini kəsib içərisinə daş-çınqıl doldurublar. Sonradan meyitləri yığıb üzərinə benzin tökərək yandırlblar. Baş dərisinin soyulması, gözlərin çıxarılması, insanların hərbi texnikanın tırtılları altında əzilməsi, qulaq, burun, digər bədən üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlının başının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa fərq qoymadan hamıya işgəncə verilməsi, qadınların döşlərinin kəsilməsi və digər insanlığa zidd, vəhşi üsullarla cinayətlərin törədilməsi ermənilər üçün adi hal olub. Ermənistan tərəfi əsir-girovlarla barbar kimi davranıb. Əsir və girovların nümayişkaranə şəkildə alçaldılması və təhqir edilməsi, təhqiredici vəziyyətə salınaraq yaşayış məntəqələrində gəzdirilməsi təcrübəsindən geniş istifadə olunub. Kütləvi şəkildə qətlə yetirilənlər elə kütləvi məzarlıqlarda basdırılıb və izlər itirilib. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində 4 000-ə yaxın azərbaycanlı itkin düşüb və ermənilər hələ də onlar haqqında məlumat verməkdən imtina edir. Halbuki, bu, ermənilərin hüquqi öhdəliyidir.

Məlumdur ki, cari il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət ayırıb. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Erməni tərəfi həmin şəxslərlə bağlı müvafiq məlumatların təqdim ediləcəyini bildirsə də, hələ də buna əməl etmir. Bu xüsusda Moskvada TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyimiz ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu bizim tərəfimizdən tapılıb və biz onların hamısını qaytarmışıq. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

Hələlik isə Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq ermənilərin dəhşətli əməllərinin gizli qalmayacağından xəbər verir.