Mənsumə Babayeva |
Ermənistan xalqımıza qarşı uzun bir dövr ərzində apardığı təcavüzkar siyasətlə Qərbi Azərbaycanda, Qarabağ və ətraf ərazilərdə kütləvi qətliamlar, mədəni irsə yönələn soyqırımlar törədib. Bunun nəticəsində xalqımızın yüz illik tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Dünya isə bu vəhşiliyi susqunluqla qarşılayıb. Çünki Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və İslamofobiya çox zaman bəzi beynəlxalq qurumların fəaliyyətinin ana xəttini təşkil edib. Erməni məkri və uydurmaları əsasında hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalanları özündə ehtiva edən Avropa Parlamentinin növbəti qətnaməsi də məhz respublikamıza qarşı ikili standartların, irqçi xarakterli yanaşmaların əyani nümunəsidir.
Avropa Parlamentinə və bu quruma üzv olan dövlətlərə yaxşı məlumdur ki, Azərbaycan münaqişə dövründə, eləcə də Birinci və İkinci Qarabağ müharibələri vaxtı insan amilini xüsusi diqqətdə saxlayıb, dinc sakinləri hədəfə almayıb, güllə yağışı altında saxlamayıb, eyni zamanda, işğalçıya məxsus yaşayış məntəqələrini dağıtmayıb. Amma Ermənistan tərəfi daim bunun əksini nümayiş etdirib. Xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin tamamilə yer üzündən silinməsi siyasəti həyata keçirib. Başqa sözlə, erməni faşizmi öz işğalçılıq siyasətində Xocalı kimi dəhşətli qətliamlarla, etnik təmizləmə siyasəti ilə bərabər, mədəni soyqırımı törətməkdən belə çəkinməyib. Əlbəttə, qeyd etdiyimiz kimi, bu vəhşiliklərin uzun illər ərzində davamlı şəkildə törədilməsi dünya birliyinin belə acı, ürək ağrıdan mənzərəyə laqeyd yanaşması, bir çox hallarda isə işğalçıya dəstək verməsinin və qahmar çıxmasının nəticəsidir.
Onu da qeyd edək ki, Avropa Parlamentinin Azərbaycanı Qarabağda guya Ermənistanın mədəni irsinə zərbə vurmaqda ittiham etməsi, şübhəsiz ki, sadəcə ədalətsizlik, haqsızlıq deyil, bu, Azərbaycanofobiyanın, İslamofobiyanın açıq təzahürüdür. Axı, Azərbaycan ərazisində hansı “erməni mədəni irsi”ndən söhbət gedə bilər ki, ermənilər burada cəmi bir əsr yarımdır yerləşiblər. Vur-tut 104 il bundan əvvəl yaradılmış Ermənistanın ərazisində qalmış min illərin şahidi Azərbaycan milli-mədəni irsinin dağıdıldığı, yerlə yeksan edildiyi, sözün bütün mənalarında mədəni soyqırıma məruz qaldığı Avropada niyə heç kəsin yadına düşmür?! Amma Qarabağda albanların mədəni irsi olan və ermənilər tərəfindən mənimsənilən, özününküləşdirilən dini abidələr Avropa Parlamentini narahat edir. Səbəb nədir? Bəlkə ermənilərin İslam mədəniyyətinin yer üzündən silinməsi, məscidlərin murdarlanması bu qurumun ürəyincədir?! Yox, əgər ürəyincə deyilsə, niyə buna da münasibət bildirmir?!...Göründüyü kimi, erməni vandalları və terrorçuları bütün Qarabağı və Şərqi Zəngəzuru viranəyə çeviriblər, goreşən kimi qəbirləri eşərək meyitlərin qızıl dişlərini söküblər. Bu, Avropa Parlamenti tərəfindən qınanmayıb. Hətta ermənilər Kəlbəcəri tərk edərkən yaşadıqları azərbaycanlılara məxsus evləri, abidələri, meşələri yandırıblar. Bunu Avropa Parlamentində görən olmadı! Niyə? Bəlkə ona görə ki, bunlar müsəlmanlara məxsus olub.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və hökuməti Qarabağda dağıdılan, qarət olunan müsəlman dini ocaqları ilə bərabər, kilsələrin və xristian ibadətgahlarının da hamısını tam bərpa edir. Artıq bu yöndə işlər davam edir. Təəssüf ki, Avropa Parlamenti bunları görmür və ya görmək istəmir. Nəhayət, onu da qeyd edək ki, əgər sözügedən sənədin müəlliflərinin kimliyi və hansı sifarişlə çalışdıqları bəlli olmasaydı, Avropa Parlamentində səsə qoyulub qəbul edilən “qətnamə” layihəsi təəccüblü olardı. Bir sözlə, Azərbaycanla bağlı qərəzli qətnamə layihəsi ümumbəşəri prinsiplərə, beynəlxalq hüquqa, tarixi faktlara, reallığa və məntiqə zidd olmaqla yanaşı, mayasını aşkar neonasizm, müsəlman düşmənçiliyi, İslama nifrət hissləri ilə yoğrulub. Görəsən, dünya ermənilərin timsah “göz yaşları”na inanmaqda hələ çoxmu davam edəcək?