KÖŞƏ

Mənsumə Babayeva

Sülh sazişinin bağlanılması istiqamətində mühüm addım

09 aprel 2022 00:57
2570

Aprelin 6-da Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ)  şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan­la üçtərəfli görüşü bu formatda ikinci görüş­ü idi. Üçlüyün ilk görüşü ötən ilin dekabrın 14-də keçirilmişdi. Ekspertlərin fikrincə, həmin görüş zamanı cənab Şarl Mişel və Prezident İlham Əliyev tərəfindən sülh gündəliyinin əsası qoyulub. Göründüyü kimi, Avro­pa İttifaqı (Aİ) regionun ən nüfuzlu təşkilatı kimi, Cənubi Qafqaz bölgəsində davamlı sülhün təmin edilməsində maraqlıdır. Onu da qeyd edək ki, rəsmi Bakının Ermənistanla sülh danışıqları üçün beş mühüm maddədən ibarət təkliflərini nüfuzlu dünya dövlətləri, beynəlxalq ictimaiyyət də yüksək dəyərləndirir.

Bu üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların nəticələri barədə mətbuata verdiyi açıqlamadan da  aydın nəzərə çarpır. Eyni zamanda, görüşün konstruktiv keçdiyi diqqətə çatdırılır. Belə olan halda şübhəsiz ki, Nikol Paşin­yanın Azərbaycanın regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul etməsindən baş­qa yolu qalmır. Bu baxımdan Brüssel görü­şünün dövlətimizin başçısı İlham Əliyevin siyasi qələbəsinin növbəti mərhələsi kimi dəyərləndirilməsi təbiidir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin irəli sürdüyü 5 mühüm maddədən ibarət sülh təklifi təkcə ölkəmiz üçün deyil, həm də bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün mühüm önəm daşıyır.

Bu gün heç kəsə sirr deyil ki, Ermənistanın son 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti Cənubi Qaf­qazda sabitlik, təhlükəsizlik və inkişafa əngəl olub. Azərbaycanın sosial-iqtisadi tərəqqisinə böyük zərbə vurub, respublika­mızın geniş bir ərazisini–Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, əgər belə demək mümkünsə, viran qoyub. Yal­nız sülh, əmin-amanlıq yolu ilə bu yaranı sağaltmaq, tarixi yurd yerlərimizə dinclik, rifah gətirmək, eyni zamanda, Cənubi Qafqazı dünya təhlükəsizlik sisteminin bir parçasına çevirmək olar.

Bütün bunlara görə də xeyli vaxt idi ki, sülh təşnəli insanların nəzərləri Brüsselə  yönəlmişdi. Görüşdən dərhal sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları ilə bağlı yaydığı bəyanat isə gələcəkdə imzalanacaq sülh sazişi ilə bağlı ümidləri daha da artırdı. Bu bəyanatla Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından iştirak etmək,  regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün  Azərbaycan və Ermənistan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vur­ğuladı.

Şarl Mişel dövlətimizin başçısı İlham Əliyev və Ermənistanın baş na­ziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibəsində dedi: “Elə indicə biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli gö­rüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlama­ğa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”.

Beləliklə, Qarabağla əlaqədar Avro­pa İttifaqının qərəzsiz, ədalətli mövqeyi Azərbaycanın bu quruma etimad və inamını daha da artırmaqdır. Xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları, danışıqların bu mərhələyə çatması, nəhayət, iki ölkə arasında sülh sazişinin bağlanılması istiqamətində mühüm addım kimi diqqət çəkdi.