KÖŞƏ

Mənsumə Babayeva

Ermənistanda çaxnaşma

07 iyul 2022 02:15
1346

2020-ci ilin payızında Azərbaycan xalqının işğalçı Ermənistan üzərində parlaq Qələbəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Məhz bu reallıqlar nəzərə alınaraq, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. Həmin Bəyanatın 6-cı bəndinə uyğun olaraq üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutu inşa edilməlidir.

Azərbaycan isə bu yolun çəkilişini nəzərdə tutulan vaxtdan tez çəkir. Yol istifadəyə verildikdən sonra  Laçın şəhəri,  Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçəcək. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan özü də bunu xüsusi vurğulayır. O, onlayn şəkildə keçirdiyi mətbuat konfransında bildirib ki, Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti”ndən kənarda yerləşən ərazilər Azərbaycanın nəzarətinə keçəcək. N. Paşinyanın sözlərinə görə, Azərbaycanın nəzarətinə keçəcək Laçın şəhəri, Sus və Zabux kəndlərində işğal illərində məskunlaşan insanlar Ermənistanda mənzillə təmin olunacaqlar.

N. Paşinyanın bu açıqlamaları işğalçı ölkədə böyük səs-küyə səbəb olub. Belə ki, erməni müxalifəti bunun Paşinyanın növbəti xəyanəti olduğunu iddia edir. Ermənistan Respublikaçılar Partiyasının təmsilçisi Henrix Danielyan qeyd edib ki, Paşinyanın son dövrlərdəki fikir və ideyaları, gələcəyə baxışı, şübhəsiz ki, yeni güzəştlərdən və yeni müharibədən xəbər verir. Henrix Danielyan bildirib ki, Paşinyan danışıqlarda nailiyyətlər olmadığını açıq şəkildə bildirir, Azərbaycanın ritorikasının dəyişmədiyini açıq formada deyir. İnsanları müharibə ilə qorxudur, ictimaiyyəti aldatmaq, vəziyyəti başqa cür təqdim etmək və cəmiyyəti çaşdırmaq üçün bütün populist arsenalından istifadə edir.

Baş verənlər keçmiş hərbi xuntanın üzvləri arasında da böyük təşviş yaradıb. “Azatutyun” radiosu qeyd edir ki,  Araik Arutyunyan daha çox Laçın rayonunun Zabux kəndindən narahat olduqlarını bildirib. Bu kənddə hazırda Ermənistandan, Suriya və Livandan köçürülmüş 200-dək erməni yaşayır. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Qazinyan isə qeyd edir ki, Laçın 10 noyabr 2020-ci ildə təhvil verilib, həmin təhvil 2021-ci il parlament seçkilərinin nəticələri ilə qanuniləşdirilib.

Erməni politoloq Menya Soqomonyan isə diqqəti ona yönəldir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətə götürülməsinə sayılı günlər qalıb: “Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki ifadələri buna əyani sübutdur. N. Paşinyan açıq mətnlə etiraf edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. O, öz çıxışı ilə Ermənistanın 20 ildən artıq müddətdə həyata keçirdiyi diplomatik prosesi yox etdi. Artıq biz də bunu anlamalıyıq. Yaxın müddət ərzində bu söhbətlərə son qoyulacaq. Rusiya sülhməramlılarının Qarabağdan çıxma prosesi artıq bağlı qapılar arxasında danışılıb. Bu proses başlayan kimi bütün Qarabağa nəzarət tam olaraq Bakıya keçəcək”.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?