KÖŞƏ

Mənsumə Babayeva

Fərqli reallıqlar

21 may 2022 02:43
2299

Sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana lazımdır

Məlum olduğu kimi, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı olsa da İrəvan hələ də bu prosesi ləngidir. Eyni zamanda son dövrlərdə Ermənistan sərhəddə gərginliyi artırmağa cəhd edir. Elə mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizin intensiv atəşə tutulması da bunun sübutudur.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb. Sülh prosesinə hazırlıq getdiyi bir vaxtda Ermənistanın vəziyyəti yenidən gərginləşdirmək cəhdi bu ölkənin hələ də real barışığa hazır olmadığını göstərir. Halbuki, bu, Ermənistana çox baha başa gələ bilər. 

İşğalçı ölkənin bir sıra  qəzet və saytları da məsələ ilə bağlı fikirlərini irəli sürərək bu cür halların davam etməsi onların ziyanına olduğunu qeyd edirlər. Ermənistanın “Qraparak” nəşri yazır ki, sülh olmasa, sərhəddə gərginlik davam edərsə bundan uduzan tərəf yenə İrəvan olacaq: “Artıq bir ildən çoxdur ki, azərbaycanlılar Qaragöl istiqamətində irəliləyiblər və uzaqlaşmırlar.  Ermənistan hakimiyyəti təkcə seçkiqabağı dövrdə Nikol Paşinyanın elan etdiyi kimi Qaragölün 30%-nə görə müharibə elan etmək yox, həm də azərbaycanlılara mane olmaq fikrində deyil. Gölə yaxın yaşayış məntəqələrindən bizə bildirilib ki, mövqelərdə növbətçi əsgərlərimizin sayı azalıb, mövqelər bir-birindən kifayət qədər uzaqdadır və rəqib istəsə, mövcud sərhədi keçə və hətta Qarakilsəyə çata bilər”. Nəşr onu da bildirir ki, sərhəd gərginliyi davam edərsə azərbaycanlıların irəliləməsini heç kim dayandırmayacaq. Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan da vəziyyətin ölkəsinin lehinə olmadığını etiraf edir. Onun sözlərinə görə, problem çox mürəkkəbdir. İstəklərdən asılı olmayaraq, həlli məlum olmayan çoxlu problemlər var: “Azərbaycanın istədiyi ilə Ermənistanın edə biləcəyi obyektiv olaraq fərqli reallıqlardır. Əgər əlinizdə daha çox güc varsa, o zaman maraqlarınızı müdafiə etmək üçün daha çox gücə sahibsiniz. Ermənistan indi belə vəziyyətdə deyil, onun hüquqlarını müdafiə edəcək oyun kartları, resursları yoxdur. Bununla belə bütün məsələlər gec-tez müzakirə olunmalıdır. Lakin ondan əvvəl konsensus qərarına gəlmək üçün subyektivlik ortaya qoyulmalıdır. Ermənistan Qərb, Rusiya, Türkiyə və Azərbaycan tərəfindən çox ciddi təzyiqlərə məruz qalır. Həqiqətən bir şey etmək lazımdır. Bir tərəfdən təzyiqlərə müqavimət göstərmək çox çətindir, digər tərəfdən Ermənistan yaxşı vəziyyətdə deyil. Kim deyir ki, sülh müqaviləsi müharibənin qarşısını alır? Dünya tarixi bunun əksini deyir”. O bildirib ki, Azərbaycanın 5 bəndinə Ermənistanın cavabının birinci cümləsi təklif deyil, azərbaycanlıların öz təkliflərini göndərdiyi və ya göndərmədiyi barədə bəyanatdır: “Altı erməni təklifi yoxdur, bunlar altı deyil, beşdir. Mən digər təkliflərin hamısını azərbaycanlıların təklif etdiklərinə şərh adlandırardım. Ermənistanın dediyi yeganə şey ATƏT-in Minsk qrupunun adı ilə bağlıdır. ATƏT-in Minsk qrupu müəyyən situasiyada işləmiş alətlər dəstidir və indi onun işi de-fakto dondurulub. Azərbaycan “Dağlıq Qarabağ”ın olmadığını bəyan edərək statusun müzakirəsinə hazır deyil. Hüquqi nöqteyi-nəzərdən Azərbaycanın cavabı kifayət qədər aydındır: biz milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqlarını təmin edəcəyik”.

Erməni politoloq David Arutyunov isə belə hesab edir ki, Azərbaycanla sülh müqaviləsi bağlanmasa və bu ölkənin ordusu Ermənistanda irəliləməyə davam etsə Rusiya və Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı (KTMT) da Bakını dayandıra bilməyəcək: “İndi müəyyən risqlər var. Fakt budur ki, Rusiya hazırda Ukraynada ilişib. Bu səbəbdən də onun KTMT-nin məsuliyyət zonasında mümkün böhran vəziyyətlərinə cavab verə biləcəyini söyləmək çətin məsələdir”.

Bir sıra yerli ekspertlərin də fikirlərindən aydın görünür ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilk növbədə, Ermənistanın xeyrinə olacaq bir addımdır. Bununla da atılan addımlar siyasi və iqtisadi fəlakətlər məngənəsində boğulan işğalçı ölkənin böhrandan çıxarılmasına səbəb olacaq. Əks təqdirdə isə bu, Ermənistan dövlətinin sonunu gətirə bilər.