KÖŞƏ

Mənsumə Babayeva

Brüsseldəki razılaşmalar Ermənistanın xilası olacaq

25 may 2022 23:32
2750

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən növbəti görüşünün nəticələri regionda yaxın zamanda tamam fərqli mənzərənin yaranacağını deməyə əsas verir.

Belə görünür ki, Azərbaycan məqsədlərinə yaxınlaşır. Bu məqsədlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

Bu arada onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması məsələsi işğalçı Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Başqa sözlə, iqtidarla müxalifət bu məsələdə bir-birini yenidən ittiham etməyə başlayıb. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru hissə-hissə Azərbaycana təhvil verəcək. Rəsmi İrəvan isə əksinə artıq anlamağa başlayıb ki, Zəngəzur dəhlizi onun iqtisadi inkişafına yol aça bilər.

Keçmiş hərbi xuntanın etirazlarına baxmayaraq, Brüsseldəki sonuncu görüşdə əldə olunan razılılaşmalar erməni xalqı tərəfindən müsbət qarşılanıb. Ermənistan mediasının, siyasi ekspertlərin şərhlərindən də aydın görünür ki, onlar ölkələrinin xilas yolunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.

Ermənistanın “4rd. am” saytı yazır ki, Brüssel görüşündə aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpası Ermənistan üçün böyük şansdır: “Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Zəngəzur dəhlizinin açılması Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Son 10 ilə nəzər yetirdikdə Azərbaycanın mövqelərinin daha güclü hala gəldiyi halda Ermənistanda əks vəziyyətin yarandığı müşahidə olunur. Aydındır ki, bu, Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin iflasıdır. Hər halda Brüsseldəki razılaşmalar Ermənistanın xilası olacaq”.

“İnstaqram” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Brüsseldə növbəti görüş” xəbərini paylaşaraq “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nələr vəd edir” sualını oxucularına ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. İxtisasca iqtisadçı olan Armen Baxşiyan adlı biri yazır: “Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda, Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu, Azərbaycanı daha da gücləndirir və belə vəziyyət Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək”.

Erməni siyasi ekspert Vazgen Vahenyan isə qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional proseslərdən təcrid edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir: “Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda bu şansı itirmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan da qazanan tərəf olacaq”.