05 may 2022 22:40
1003

COVID-19 beyini düz 20 il qocaldır

Kembric Universitetinin və London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, kəskin COVID-19 xəstəliyi keçirmiş insanların idrak funksiyaları (düşüncə prosesləri) düz 20 il qocalır.

Bu barədə “eClinicalMedicine” jurnalının nəşrində məqalə dərc olunub.

Alimlər 28-83 yaş arası ağır COVID-19 daşıyıcı olan 46 xəstənin iştirakı ilə araşdırma aparıblar. Sağaldıqdan sonra xəstəxanadan buraxılanlara yaddaş, diqqət, təfəkkür və digər koqnitiv funksiyaları ölçən müxtəlif testlərdən keçmək təklif olunub.

Nəticələr göstərib ki, COVID-19-dan əziyyət çəkdikdən sonra idrak funksiyaları 50-70 yaş arası bir insanın başına gələnlərə bənzər şəkildə pisləşir. Yəni, beyin təxminən 20 il qocalır.“Kəskin infeksiyadan on ay sonra bəzi xəstələri izlədik və cüzi bir bərpa prosesi görə bildik. Bu, statistik baxımdan əhəmiyyətli dərəcədə deyildi, amma ən azı düzgün istiqamətdə gedirdi. Ancaq çox güman ki, bu insanların bəziləri heç vaxt tam sağalmayacaqlar”,-deyə alimlər qeyd ediblər.

Rusiyalı həkim-terapevt, Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun klinik şöbəsinin kiçik elmi işçisi Daria Xavkina "İzvestiya"ya 6 apreldə verdiyi müsahibədə bildirib ki, ürək-damar və mərkəzi sinir sisteminin xroniki xəstəlikləri olan xəstələrdə aydın simptomları olan infeksiyalar fonunda yaddaş pozğunluqları sürətlə irəliləyir və geri dönməz ola bilər.

Nubar Süleymanova, “İki sahil”