Əsnəmək orqanizmin təkamül prosesində inkişaf etmiş özünümüdafiə mexanizmidir, beyni sərinlədir, onu hədsiz isinmədən qoruyur. Bizim nə üçün əsnədiyimizi öyrənmək istəyən və bu prosesin niyə belə yoluxucu olduğunu - birinin əsnədiyini görən kimi bizim də əsnəmək istəməyimizin səbəbini İtaliya və ABŞ alimləri araşdırmağa başlayıblar.
Əksər zamanlarda həm elmi adamları həm də sıravi vətəndaşlar əsnəməyi tamamilə səhv başa düşürlər.Əsnəmək təkcə insanlara yox, heyvanlara da xas xüsusiyyətdir. Uzun müddətdir ki, alimlər bu prosesin mexanizmini və nevroloji baxımdan mahiyyətini anlamağa çalışırlar. Ən inandırıcı versiyalardan biri budur ki, əsnəmək isinmiş qanın başdan qovulmasına səbəb olur, yəni termorequlyasiyaya xidmət edir. Alimlər tərəfindən aparılan araşdırmalar bu hipotezi təsdiqləyir. Alimlər aşkar ediblər ki, əsnəmək məhz kəllədaxili temperaturun artmasıyla əlaqəlidir.
Əsnəməyin yoluxuculuğu ciddi dərəcədə ilin fəslindən və havanın temperaturundan asılıdır.
Məsələn, şimal yarımkürəsində insanlar yaya nisbətən qışda daha az əsnəyirlər.
Ən yoluxucu əsnək 20 dərəcə selsi temperturunda başlayır. Temperaturun sonrakı yüksəlişi onun tezliyinə və davamlılığına, demək olar ki, təsir etmir.
Termorequlyasiya hipotezini yoxlamaq üçün alimlər bu dəfə iştirakçıların boyunlarına növbə ilə üç kompres qoyublar: soyuq (selsi üzrə 4 dərəcə), isti (selsi üzrə 46 dərəcə) və otaq temperaturunda (22 dərəcə).
Kompreslərin hər birini yuxu arteriyası bölgəsində 5 dəqiqə saxlayıb termoqrafiya vasitəsilə beynin temperaturunun dəyişdiyini dəqiqləşdirəndən sonra alimlər iştirakçılara 9 təsadüfi şəxsin əsnəməsinin qeydə alındığı qısa videoçarx göstəriblər. Məqsəd onların əsnəyib-əsnəməyəcəyini və bunu nə dərəcədə aktiv edəcəklərini müşahidə etmək olub.
Eksperimentin dəqiqliyini təmin etmək üçün iştirakçıların əvvəlki gün neçə saat yatması da nəzərə alınıb.
Məlum olub ki, soyuq kompres əsnəmək istəyini xeyli dərəcədə azaldır. İsti kompresdən sonra iştirakçıların 85 faizi əsnəyibsə, soyuq kompresdən sonra bu hal onların cəmi 48 faizində qeydə alınıb.
Bundan başqa, soyuq kompresdən sonrakı videoizləmə zamanı əsnəmə sayı üç dəfə azalıb.
Alimlər deyirlər ki, bununla da əsnəməyin termorequlyasiya funksiyasını sübut olunmuş hesab etmək olar.
Samirə Tağıyeva, “İki sahil”