KÖŞƏ

Sevinc Azadi

Dünya yeni borc girdabında...

20 may 2022 02:15
3880

Ölkəmiz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox səviyyədə aşağı sala bilib

İki ildən çoxdur davam edən koronavirus pandemiyası qlobal iqtisadiyyata son 50 ilin ən böyük zərərini vurdu. Ötən ilin ikinci yarısından başlanan bərpa prosesini yaşayan dünya iqtisadiyyatı 3 aydır ki, Rusiyanın Ukraynaya hücumunun yaratdığı şoklarla üz-üzədir. Beynəlxalq Maliyyə İnstitutunın (İİF) “Qlobal borc monitorinqi” hesabatına əsasən qlobal borc tarixinin ən yüksək həddinə - 303 trilyon dollara yüksəlib. Hesabata görə, 2021-ci ilin sonuna qlobal borc 2020-ci illə müqayisədə 10 trilyon dollardan çox artaraq 303 trilyon dollar təşkil edib. Ötən il qlobal borcların artması inkişaf etməkdə olan bazarların, xüsusən də Çinin borclarının artması ilə bağlı olub. Sektorlar üzrə ən böyük artım dövlət və qeyri-maliyyə şirkətlərinə məxsus borclarda müşahidə edilib.

Qlobal borclanma səviyyəsinin ifrat dərəcədə artdığı bir vaxtda Azərbaycanda tamam fərqli bir vəziyyət hökm sürür. Hazırda Azərbaycanın borclanma siyasəti ölkənin maraqlarına cavab verir. Ölkəmiz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox səviyyədə aşağı sala bilib. Həmçinin dövlət borclanması ilə bağlı müəyyən hədlər müəyyən edilib. Məsələn, bu il Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi 1,1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 0,6 milyard manat təşkil edir. Bundan başqa, il ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi 0,8 milyard manat təsdiq edilib. Hazırda Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun sadəcə 12.5 faizini təşkil edir. Azərbaycan 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırır. 2018-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi "Dövlət borcunun idarəedilməsi strategiyası"na uyğun olaraq ölkəmizdə dövlət borcunun strukturu dəyişir. Strategiyada nəzərdə tutulur ki, tədricən xarici dövlət borcunun xüsusi çəkisi ümumi dövlət borcunda azaldılsın. Ölkə buna tədricən nail olur. Bunun hesabına dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır.  Daxili borclanmanın artması isə iqtisadi inkişafı daha da sürətləndirir.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Litva biznes forumundakı çıxışı zamanı bu məsələyə xususi diqqət yetirib. Dövlət başçısı qeyd edib ki, bizim çox az xarici borcumuz vardır - ümumi daxili məhsulun yalnız 12,5 faizi həcmində. Hədəf onu ümumi daxili məhsulun 10 faizi həcminə qədər azaltmaqdır: "Bəli, biz kreditləri götürürük, lakin onları yalnız yüksək texnoloji layihələrə cəlb edirik. Eyni zamanda, biz donora çevrilmişik. Biz özümüz kredit ayırırıq. Ehtiyatlarımız isə xarici borcumuzu bir neçə ay ərzində sıfıra endirə bilər. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir və gələcək islahatlarımızı lazımınca planlaşdırmağa imkan yaradır".

Borcun azalması isə Azərbaycanın maliyyə manevr imkanlarını da yüksəldir. Təhlillər göstərir ki, prioritet hesab olunan transmilli  layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması da müsbət haldır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir.

Məlumdur ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. Xarici dövlət borcu ÜDM-də 30 faizdən yuxarı həddə kritik sayıldığından, borclanma, əslində davam etdirilə bilər. Amma, ehtiyatlı şəkildə. Bu gün Azərbaycan xarici dövlət borcunun ÜDM-dəki payına görə inkişaf etmiş dövlətlərin bir çoxundan yaxşı vəziyyətdədir. Onların bəzilərində borcun ÜDM-ə nisbəti 100 faizi çoxdan keçib. Eyni zamanda Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malikdir. Nəzərə almaq lazımdır ki, MDB-də kifayət qədər konservativ siyasət həyata keçirən Belarus və Türkmənistanda xarici borcun ÜDM-də payı 30 faizdən çoxdur. Bu, Türkmənistanda 31, Belarusda 38 faizdir. Daha liberal iqtisadiyyata malik olan Qırğızıstanda bu, 68 faizdir. Eyni zamanda, MDB-də Ermənistan və Qırğızıstan xarici borcun ÜDM-də payına görə ən pis göstəriciyə malik olan ölkələrdir. Ona görə ki, bu ölkələrdə xarici borcun ÜDM-də payı 60 faizdən çoxdur. Gürcüstanda bu rəqəm 58 faizə yaxındır. Praktik olaraq Azərbaycan MDB-də ən yaxşı göstəriciyə malik olmaqla yanaşı, həm də ümumiyyətlə, xarici mənbələrdən asılılıq və daxili resursların mobilizasiyası baxımından da regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdən hesab edilir.