Sevinc Azadi |
Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək
Beynəlxalq öhdəlikləri yerinə yetirməyən, xarici ianə və yardımların sayəsində mövcud olan Ermənistanda hakimiyyətin xaricin göstərişlərini yerinə yetirərək fəaliyyət göstərdiyi sirr deyil. Başqa sözlə, bu dövlətin varlığı daha çox xarici amillərdən asılıdır. Bu il aprel ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında həmin ayın sonunadək demarkasiya və delimitasiya üzrə iki komissiyasının yaranacağına dair razılıq əldə edilmişdi. Həmin vaxt tərəflərin bu məsələdə razılıq əldə etməsini ABŞ, Fransa, Avropa İttifaqı, hətta Rusiya da alqışlamışdı. Nikol Paşinyan səfərdən qayıtdıqdan sonra hökumətin həftəlik iclasında Brüssel görüşündən danışarkən demişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə gələcək sülh sazişi ilə bağlı hazırlıq işlərinə başlamaq, danışıqlar aparmaq və təmaslar yaratmaq tapşırığı da vermişdi. O, Azərbaycanın təqdim etdiyi 5 maddəlik təkliflərə münasibət bildirərkən Ermənistan üçün qəbuledilməz bir şey olmadığını bildirmişdi. Elə zənn edilirdi ki, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə etibar qazanmaq üçün üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Ancaq aprelin 19-da Nikol Paşinyanın Moskvaya səfərindən sonra razılaşmalarla bağlı rəsmi İrəvan bir addım belə atmadı. Rəsmi İrəvan özünü problem həll edən və işgüzar göstərmək üçün rəsmi Bakıya aprelin 29-da görüşməyi təklif etmişdi. Sonra bundan imtina edib, görüşü mayın 7-11- də keçirməyi təklif etdi. Ancaq sonradan bundan da imtina etdi. Ermənistan rəsmiləri üzərlərinə düşən öhdəliklərə əməl etməkdənsə beynəlxalq ictimaiyyətə yalan məlumatlar verməkdə davam edirdilər.
Avqustun 31-də Brüsseldə keçirilən üçtərəfli görüşün yekunu isə artıq sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. İki ilə yaxındır ki, hər cür riya, hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlanıb və onun, sülh razılaşmasına getməkdən başqa yolu qalmayıb.
Oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi İcması klubunun sammiti çərçivəsində keçirilmiş dördtərəfli görüşdən sonra Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı bəyanat verməsi prosesin artıq başlandığını göstərdi. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-ata Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər, Fransa Prezidentinin saytının yaydığı bəyanatda vurğulanıb. "Onlar təsdiqləyiblər ki, oktyabrın sonunda sərhəd komissiyalarının Brüsseldə keçiriləcək növbəti iclasında bu razılaşma sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq", - bəyanatda deyilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan, eləcə də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Praqada Avropa Siyasi İcması sammiti çərçivəsində qeyri-rəsmi mühitdə görüşdülər. Onlarla birlikdə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da olub. Paşinyan ermənipərəst Fransanın da iştirak etdiyi görüşdə özünün rahat olduğunu göstərməyə çalışır, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmirdi. Fransa, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini erməni maraqlarına işləyən müstəviyə sürükləmək üçün dəridən-qabıqdan çıxırdı, lakin mövcud geosiyasi reallıqlar onun bu niyyətlərini havaya sovurdu. Prezident İlham Əliyevin zəhmi, qətiyyəti və prinsipiallığı qarşısında Paşinyan da, Makron da aciz durumda qaldı. 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdindən söhbət belə gedə bilməzdi. Bununla yanaşı, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan regionda Türkiyənin ağırlıq mərkəzi rolunda çıxış etdiyinin mesajlarını Makrona ötürür. Elə buna görə də Makrona zarafat və ironiya ilə “Gəl səni də Türk Dövlətləri Təşkilatına qəbul edək” deyə bildirdi.
Bir mühüm məqamı da vurğulayaq ki, gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün baş tutacağı təsdiqlənib. Sual olunur: Görəsən, Ermənistan baş naziri noyabrda sülh müqaviləsi imzalamaq cəsarətini özündə tapacaqmı, yoxsa yenə də rəqiblərinin hədələri, Qafqazda sülh istəməyən güclərin, erməni lobbisinin təsiri ilə təxribatlara əl atıb, pozuculuqla məşğul olacaq? Axı hər dəfə sülhə yaxınlaşdıqda bunun – Ermənistanın geri addımının, aranı qatmasının, atəşkəsi pozmasının şahidi olmuşuq... Ancaq Praqada baş tutan növbəti bir görüş nikbinliyi bir qədər artırır. Müzakirələr gedən zaman çəkilən fotolardan da görünür ki, Ərdoğan və İlham Əliyev Paşinyana reallıqları bir daha anladırlar. Detallar aydın olmasa da formatın özü, mimikalar, jestlər bu qənaəti formalaşdırır ki, Azərbaycan və Türkiyə liderləri Nikola sülhdən və kommunikasiyaların, dəhlizlərin açılmasından başqa heç bir çıxış yolu olmadığını bir daha xatırladırlar.
Göründüyü kimi, Prezident İlham Əliyev uğurlu diplomatiyası ilə regionda yeni sülh və əməkdaşlıq erasının başlanğıcını qoyub. Sülhə düşmən olan Ermənistanı da Azərbaycanın şərtləri ilə razılaşmağa, Bakının irəli sürdüyü və sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərin qəbuluna məcbur edir. Ermənistan hakimiyyəti istəsə də, istəməsə də, sülh müqaviləsini tezliklə imzalamağa məhkumdur.