Hindistanın Kaikhali bölgəsində yaşayan 65 yaşlı Tapas Sandilya mərhum həyat yoldaşı İndraniyə ölməzdən əvvəl onun arzusunu yerinə yetirərək silikon heykəl düzəltdirib. Evlərində yelləncəkdə oturan heykəl üçün 2500 funt sterlinq xərcləyən kişi bu heykəlin həyat yoldaşının vəsiyyəti olduğunu bildirib.
Onun koronavirusdan vəfat edən həyat yoldaşına silikondan düzəltdirdiyi heykəl canlı insana bənzəyir. Görənlər tərəfindən canlı olduğu zənn edilən heykəl Sandilyanın evində yelləncəkdə oturmuş vəziyyətdədir. 46 yaşlı heykəltəraş Subimal Dasın hazırladığı heykəl 30 kiloqramdır və onun hazırlanması 6 ay çəkib. Heykəl İndrani oğlunun toyunda geyindiyi ipək sarı paltardadır.
“The Times of İndia”nın xəbərinə görə, koronavirus pandemiyasının ikinci dalğasında xəstəxanada müalicə alan İndrani vəfat edərkən tək olub.
Sandilya yerli mətbuata deyib: “On il əvvəl biz Mayapurdakı İskkon məbədini ziyarət etdik və orada təriqətin banisi AC Bhaktivedanta Svaminin canlıya bənzər heykəlinə heyran olduq. İndrani məndən əvvəl vəfat etsə, belə bir heykəl hazırlatmağı xahiş etdi. Mən də onun vəsiyyətini yerinə yetirdim”.
Vüsal Cahanov, “İki sahil”