28 yanvar 2023 01:36
1574

Yodun bu faydaları haqqında bilirdinizmi?

Hər bir insanın dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod adətən  ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.

Orqanizmdə baş verən prosseslərin mübadiləsində iştirak edən bu  vacib mikroelement enerji idarəetməsini, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Yod çatışmayanda tiroid vəzi böyüyür, hətta vizual olaraq bunu görmək olur. Son zamanlar yayılan bu bəla qalxanabənzər vəzi xəstəliyidir. 

Qalxanvari vəz üçün çox önəmli olan bu mikroelement onun lazımı hormonları istehsal etməsi üçün zəruridir. Onlar isə öz növbəsində həyatı funksiyaları kontrol edirlər. Çox hallarda, hamiləliyin və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəliyyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltibahi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir.

12 yaşdan yuxarı uşaqların və yetkinlərin orqanizminə sutkada normal halda 120-150 mkq yod daxil olmalıdır. Hamiləlik və laktasiya dövründə ona tələbat 175-200 mkq-ya qədər artır. Qida ilə qəbul edilən yod asanlıqla bağırsaqlardan sorulur və udulmuş mikroelementin 80 faizi qalxanabənzər vəzdə toplanır.

Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması, bununla əlaqədar yuxululuq, iş qabiliyyətinin azalması, yaddaşın zəifləməsi, arterial təzyiqin və ürək döyüntülərinin sayının azalması, qadınlarda menstrual sikl pozulması əlamətləri, uşaqlarda intellektin yüngül zəifləməsindən ağır kretinizmə qədər müxtəlif dərəcəli zehni geriləmə inkişaf edir. Məktəbyaşlı uşaqlarda yod çatışmazlığı zehni fəaliyyətin zəifləməsi və dərslərdən geri qalma ilə özünü göstərir. Biostimulyator və immunostimulyator olduğundan yod əskikliyi immun sistemin zəifləməsinə və tez-tez xəstələnmə hallarına səbəb olur.

Yod, həmçinin saçların və dırnaqların  gözəlliyində də az rol oynamır. Belə ki, yodun normal miqdarı  baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edən zaman  saçlar daha  qidalanaraq möhkəm və sağlıqlı olurlar.

Həmçinin mikroelementlərlə zəngin olan və təbii ki, tərkibində yod olan dəniz suyu dərinizə və  dırnaqlarınıza gözəllik, möhkəmlik verəcəkdir. Qeyd edək ki, əsasən dəniz məhsulları, alma, gavalı, vişnə, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngindir .

Bir məqamı da unutmayın ki, orqanizmi yodla təmin etməkdə diqqətli olmağı unutmayın, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır.

Samirə Tağıyeva, “İki sahil”