02 mart 2023 00:24
601

Göy qurşağına bənzəyən kitab mağazası

Çin memarlar və dizaynerlər üçün əsl cənnətdir. Bu ölkədə yaradıcılıq və yeni ideyalar üçün geniş imkanlar var.

Beləliklə, WUtopia Lab dizaynerləri Suzhou əyalətindəki kitab mağazasını kifayət qədər qeyri-adi şəkildə dizayn ediblər. Adətən kitabsevərlər oxu zalını fikri yayındırmayan sakit yer kimi görməyə alışıblar. Amma bu kitab mağazasında təəccüblənməli bir şey var: onun tavanı göy qurşağının bütün rənglərində torlu alüminium lövhələrdən ibarət kaskadla bəzədilib.

Kitab mağazasının hər bölməsinə özünəməxsus əhval-ruhiyyə bəxş edən göy qurşağılı qradient bütün tavan boyu uzanır.  Dizaynerlər qeyri-adi kompozisiyanı “Xanadu Göy qurşağı” adlandırıblar.

Niyə “Xanadu Göy qurşağı”?

Xanadu çinlilər üçün tarixi əhəmiyyət kəsb edən yerdir. Bura, Çingiz xanın nəvəsi Xubilay xan tərəfindən qurulan və yeni Çin Yuan imperiyasının yaradıldığı şəhərdir. Tarixçilər qeyd edirlər ki, Xanadunun mərkəzində qurulan dəbdəbəli rəngli çadırı görən hər kəs valeh olurmuş. Kitab mağazasının yeni dizaynı da həmin çadırın konsepsiyası əsasında hazırlanıb.

Xədicə Nəcəfova,
BSU-nun tələbəsi