04 mart 2023 01:36
665

Bir daha lənətlənmiş məkanlar haqqında... - FOTOLAR

Planetimizdə lənətlənmiş yerlər çoxdur. Lakin buna baxmayaraq həmin yerlər minlərlə turistin diqqətini özünə cəlb edir. Bu yerlər haqqında topladığımız məlumatları təqdim edirik.

“Qayola” adası

Lənətlənmiş yerlərdən biri də İtaliyanın kiçik adalarından biri olan Qayoladır. Bəziləri bu adanı “Lənətlənmiş Qayola” da adlandırır. 

Körpü ilə birləşmiş iki balaca ada Neopalitan körfəzində Kampaniya regionu sahilində yerləşir. Uzun illərdir ki, adada heç kim yaşamır. Deyilənlərə görə ada lənətlənib. Belə ki, bu zamana qədər bu adada bir çox ölüm halları baş verib. Məsələn, 1920-ci ildə adanın ilk sahibi olan Hans Braun burada müəmmalı şəkildə ölüb. Bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub. Adanın yeni sahibi Otto Qrubnak infakt nticəsində ölüb. Adanı alan digər sahibkar Moris Sandoz isə özünə qəsd edib. 

Çox maraqlıdır ki, adanı almaq istəyən digər insanlar da ölüm, bədbəxtlik və səfalətlə qarşılaşıb. Buna görə də “Qayola” adası pis şöhrət qazanıb və heç kəs bu adaya sahib olmaq istəməyib. Buba baxmayaraq bu mistik ada hələ də çox sayda turistin diqqətini cəlb etməyə davam etməkdədir. Buraya gələnlər nəinki ada ətrafında gəzə bilər, hətta sahibsiz villanın içərisinə girə və buraya baxa bilər. 

“Bhangarh” qalası

Hindistanda yerləşən bu məkanın qəribə əfsanəsi var. Qədim rəvayətlərə görə, məşhur cadugər Sinqhia bütün insanların bu qalada öləcəyini və onların ruhlarının ora həbs olunacağını deyib. Maraqlısı da odur ki, burada tikilən bütün evlərin damı aşır. Gecə yarısından sonra bura gedənlər qayıda bilmir. Ona görə də dövlət günəş batandan sonra bu əraziyə getməyi qadağan edib. 

“Perry Pomeroy” qalası

Bu qala 12-ci yüzillikdə Pomeroy kəndində Pomeroy ailəsi tərəfindən inşa edilib. Deyilənlərə görə, qalanın içində iki ruh gəzir. Çox maraqlıdır ki, bunu təsdiqlənəyən şahidlər də var. Ruhlardan biri “Bəyaz qadın” kimi adlanan Eleanor Pomeroyun bacısı Marqaretdir. Qısqanc bacısı tərəfindən o, qalanın zirzəmisində saxlanılıb. Ac-susuz qalan qadın burada ölüb. Digər ruhun hansı qadına aid olduğu hələ də məlum deyil.

“Koronado” oteli

Buranın hekayəsi 1982-ci ildə bir qadının orada məskunlaşaraq həyat yoldaşını gözləməyə başlaması ilə başlayıb. Daha sonra həyat yoldaşını uzun müddət gözləyən qadının pilləkənlərdə ölü tapılması və bədbəxt qadının bu qədər gözlədiyi həmin insanın hələ də ortaya çıxmaması otelin qara günlərinin başlamasına səbəb olub. Məkanda çalışanlar həmin gündən bəri orada qara geyimli bir qadının dayanmadan pilləkəndən yuxarı çıxdığını görməyə başlayıblar. Deyilənlərə görə, qadının ruhunu hələ də həmin məkanda görənlər heç də az deyil.

“Alkatraz” həbsxanası

San-Fransiskodan 2,2 km aralı olan bir ərazidə tikilən bu yer ABŞ-nın ən məşhur həbsxanasıdır. Bura həbsxana sahibinin məhbuslara verdiyi cəza ilə məşhurdur. Burada hava qaralan kimi qapılar bağlanılır və içəridəkilərin qışqırığı ətrafdan belə eşidilir. Bir çox məhbusların sözlərinə görə, burada işgəncə ilə öldürülmüş məhbusların ruhlarını görmək olar.

“Hotel del Salto”

Qeyd edək ki,bu yer dünyanın qorxulu otellərindən biridir. Rəvayətlərə görə, bu oteldə ruhlar gəzişir və bura daxil olan bir daha sağ çıxmır. “Hotel del Salto” Kolumbiyada Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yerləşən bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda tikilən bina əvvəllər otel kimi istifadə olunmayıb. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otel kimi istifadəyə verilib və varlı insanların sevimli istirahət yerinə çevrilib. Hətta 50-ci illərdə Hotel del Saltonun müştəriləri o qədər artıb ki, oteli böyüdüb 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri baş verib, adamlar itkin düşməyə başlayıb. Bu yerlə bağlı qorxulu məqamlardan biri də odur ki, otelin yanındakı Tequendama şəlaləsi "ölüm şəlaləsi" kimi tanınmaqdadır. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atırlarmış. Bununla da onlar qartala çevrilərək azad olduqlarına inanırdılar.

Onsuzda haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi otelin taleyini həll edir. 90-cı illərdən sonra heç kəs bu otelə gəlmir və beləliklə, Hotel del Salto bağlanır. Hal-hazırda bu mistik otel muzey kimi istifadə olunur.

“Qışqırıq tuneli”, Niaqara şəlaləsi

Rəvayətə görə bu keçidin bir çıxışında balaca kənd evi var imiş. Bir gecə evdə yanğın başlayıb və bir qız uşağı keçidə tərəf qaçmağa başlayıb. Paltarının ətəyi yanmağa başlayan qız tunelin ortasında həyatını itirib. Keçidin ortasında gecə bir kibrit yandırsanız həmin an söndüyünü və qız uşağının ağlamağa başladığını eşidə bilərsiniz.

Point Hiks Dəniz fanarı

Avstraliyanın Melburn şəhərindən 500 km aralıda yerləşən bu məkan dünyanın lənətlənmiş yerlərindən biridir. İllər öncə hələ də heç kimə məlum olmayan səbəbdən bu yerdə yoxa çıxan Robert Greys Kristoferson adlı gözətçinin ruhunun gecələr burada dolaşdığı deyilir.

“San Ji kurortu”

Tərk edilmiş “San Ji kurortu” Tayvan adasında yerləşir. Bu məşhur kurort 1980-ci illərdə varlı alıcılar üçün inşa edilmişdi. Burada evlərin forması UFO nəlbəkilərə bənzəyir və umumiyyətlə, bu yer tamamilə yad planetlilərin yurduna bənzəyir. Lakin böhranın başlaması və burada başlayan mistik hadisələr səbəbindən kurort açılmadı.

Rəvayətlərə görə, mistik kurortun bünövrəsini qoyan inşaatçıların əksəriyyəti ya xəstəliklərdən öldü, ya da qəza keçirərək həyatlarını itirdilər. Yerli əhalinin sözlərinə görə, bu kurort lənətlənmiş bir yerdir və bura ruhların məskənidir.

Samirə Tağıyeva, “İki sahil”