08 mart 2023 00:57
527

Qadın dostluğunun gücü möcüzələr yaradır

Rəfiqələrin qadınlara xroniki xəstəliklərdən qaçmağa kömək etdiyini bilirdinizmi? Elm adamları başqaları ilə münasibətlərin sağlamlığımız üçün nə qədər vacib olduğunu aşkar ediblər.

Kvinslend Universitetinin tədqiqatçıları 1996-cı ildən 2016-cı ilə qədər qadınların sağlamlığı ilə bağlı toplanmış məlumatlara baxıblar. Burada 40-50 yaşlı zərif cinsin nümayəndələri iştirak edirdi. Tədqiqatçılar işdə və işdən kənarda daha çox möhkəm dostluq və romantik ailə münasibətləri olan qadınların diaqnozlarını daha az məmnunedici münasibətlərə malik olanlarla müqayisə edərək, dostluqların sağlamlığımızı ciddi şəkildə qoruya biləcəyini aşkar ediblər.

Münasibətlərindən yüksək dərəcədə məmnun olduqlarını bildirən qadınların həmin 20 il ərzində müxtəlif xroniki xəstəliklərə tutulma ehtimalı aşağı olub.

Bu əlaqənin səbəbi aydın olmasa da, tədqiqatçılar bunun qadın sağlamlığına təsiri baxımından siqaret, fiziki hərəkətsizlik, artıq çəki və hətta həddindən artıq spirtli içki qəbulu ilə müqayisə oluna biləcəyini deyirlər.

"Zəif sosial münasibətlərlə zəif səhhət  arasında məlum əlaqə var. Bununla belə, indiyədək tədqiqatlar fərdi xəstəliklərə və ya faktorlara, məsələn, insanın ailə vəziyyəti və ya sosial şəbəkəsinin ölçüsünə yönəlib. Lakin həyat daha mürəkkəbdir - sağlamlıq problemləri yaşla birlikdə yığılır və evli olmaq və ya çox sayda dosta sahib olmaq və eyni zamanda bədbəxt olmaq mümkündür. Biz münasibətlərdən məmnunluğun qadınların uzunmüddətli sağlamlığına və inkişaf riskinə təsir edib-etmədiyini öyrəndik”,-deyə Kvinslend Universitetinin işçisi doktor Xiaolin Xu bildirib.

Tədqiqatçılar dostları, həmkarları, ailə üzvləri və partnyorları ilə münasibətlərdən ən aşağı məmnunluq səviyyəsinə malik orta yaşlı qadınların ətrafdakı insanlarla münasibətlərindən ən çox məmnun olan qadınlarla müqayisədə çoxsaylı xroniki xəstəliklərə tutulma ehtimalının iki dəfədən çox olduğunu aşkar ediblər.

Hazırda tədqiqatçılar bu məlumatdan bütün dünyada səhiyyə sistemlərini təkmilləşdirmək üçün istifadə etməyi planlaşdırırlar.

Tədqiqat müəlliflərinin məqaləsi “General Psychiatry” jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”