Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus 2023-cü ildə koronavirus pandemiyasının sona çatacağına ümid etdiyini bildirib. Bu barədə ÜST-ün saytında dərc olunmuş relizdə deyilir.
Qebreyesus ilk dəfə olaraq həftəlik COVID-19 ölümlərinin sayının pandemiyanın elan edildiyi təzə vaxtlardakı saydan aşağı düşdüyünü söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri əmin olduğunu bildirib ki, artıq bu il koronavirus beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti və pandemiya kimi başa çatacaq.
Qebreyesus vurğulayıb ki, “səhlənkar çaxnaşma dövrü”nün təkrarlanmaması üçün pandemiyadan dərslər çıxarılmalıdır (uzun müddətdir ki, bu cür dövrlər epidemiyalara reaksiyanı xarakterizə edirdi).
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Hubei əyalətinin Uhan şəhərində naməlum pnevmoniyanın baş verməsi barədə ÜST-ə məlumat verib. 2020-ci il yanvarın əvvəlində Çin rəsmi olaraq elan edib ki, yeni növ koronavirus viral pnevmoniyanın yayılmasının səbəbidir və 11 mart 2020-ci ildə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus yeni növ koronavirusun yayılmasını pandemiya elan edib.
Nubar Süleymanova, “İki sahil”