Rus alimləri mövcud olan ən güclü antibiotiklər gücsüz olduqda belə, insanları sidik yollarının infeksiyalarından xilas edən dərman yaradıblar. “Yeni dərmanın sınaqları çox yaxşı nəticə verib”, -deyə "İrtış" Dövlət Televiziya və Radio Yayımları Şirkəti yazır.
Maraqlıdır ki, yeni dərman bakteriyaları öldürmür, ancaq infeksiyanı yatırır, bakteriyalar tədricən dərmana müqavimət göstərməyi öyrənirlər.
"Dərmanın unikallığı ondan ibarətdir ki, o, bütün antibiotiklərin işlədiyi kimi eyni prinsiplə işləmir. “Bizim yanaşmamız ondan ibarət idi ki, dərman bakteriyaları öldürməməli, sadəcə onları zərərsizləşdirməlidir", - deyə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin tibbi mikrobiologiya şöbəsinin rəhbəri Naila Ziqangirova bildirib.
Yeni məhsulun klinik sınaqları 2018-ci ildən aparılır. Sınaqlarda artıq 17 klinik mərkəz və 770 sidik yollarının ağır infeksiyası olan xəstə iştirak edib. Xəstələrdə ildə bir neçə dəfə, hətta antibiotik kursundan sonra infeksiyalar yenidən ortaya çıxırdı.
Yeni dərman müalicənin effektivliyini 25% artırıb.
Rusiya Səhiyyə Nazirliyinin baş uroloqu Dmitri Puşkar deyib: "Fluorotiyazinon xəstəliyi modifikasiya edən dərmandır. Tədqiqatın əsas nəticəsi residivlərin olmaması, əksər xəstələrdə xəstəliyin qayıtmaması olub".
Sınaqlar uğurlu olarsa, dərmanın təsir spektrinin genişləndirilməsi mümkündür (bu günə qədər yalnız uroloji problemlər üçün xəstələrə təyin olunur). Yenilik təkcə tablet şəklində deyil, həm də maye formada - inyeksiya və damcı şəklində buraxılacaq.
Nubar Süleymanova, “İki sahil”