28 mart 2023 01:35
857

Bu meyvə və tərəvəzlərin qabığı özündən daha faydalıdır

Dietoloqların məsləhətinə görə, bəzi meyvələri qabığı ilə birlikdə yemək daha yaxşıdır.  Lakin burada belə bir təzad var. Bir tərəfdən, pestisidlərdən qurtulmaq üçün mütəxəssislər meyvələri soymağı tövsiyə etsə də  digər tərəfdən, qabığın tərkibində mühüm maddələr olduğuna görə  bunu məsləhət görmürlər.

Mütəxəssislər yalnız qabığı ilə daha sağlam olan məhsulların adlarını sadalayıblar və xatırladıblar ki, onları yaxşıca yumağı unutmayın.

Xiyar

Xiyarın qabığı adətən soyulur, çünki çox sərtdir, bəzən tikanlıdır - bir çox səbəbləri düşünə bilərsiniz. Ancaq yaşıl qabıqlar çox miqdarda lif ehtiva edir, bunun sayəsində xiyar iki saat ərzində həzm olunur - toyuq kimi və uzunmüddətli doyma verir. Qabığı soyulmuş xiyar isə 20 dəqiqə ərzində həzm sistemimizdən keçir.

"Qabıqlı xiyar şəkəri zərərsizləşdirən lif və B vitaminləri və xolesterolun yığılmasının qarşısını alan, ürək əzələsinin işini yaxşılaşdıran faydalı mikroelementlərlə zəngindir", -deyə rusiyalı dietoloq İrina Toropygina izah edir.

Xiyarın qabığının tərkibində olan kalium orqanizmin toxumalarını su ilə doyurur və şişkinliyi aradan qaldırır, duzlar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Xiyarda olan yod qalxanabənzər vəzinə müsbət təsir edir.

Pomidor

Pomidorun  tərkibi   faydalı maddələr və vitaminlərlə zəngindir. Məsələn, pomidorda B və  C vitamini  var. Onun qabığının tərkibində isə  iltihabı  və prostat xərçəngi riskini azalda bilən flavonoid naringenin var.

Pomidorun tərkibindəki əsas maddə likopendir. Bu, xərçəng və ürək xəstəliyi riskini azaldan güclü bir antioksidandır. Onun çox hissəsi pomidorun qabığında olur.  Ümumiyyətlə giləmeyvə nə qədər qırmızı olsa, tərkibindəki likopenin konsentrasiyası bir o qədər çox olur. Bundan əlavə, pomidor pis xolesterinin səviyyəsini azaldır, damar divarlarının elastikliyini artırır və xərçəngin qarşısını almaqda təsirlidir.

Lakin yetişməmiş pomidorla rastlaşsanız, mütləq gözləyin ki, yetişsin. Çünki yetişməmiş pomidorların qabığında təhlükəli solanin ola bilər.

Alma

Almanın qabığında çoxlu sayda. həll olunmayan lif var. Məsələn, qabıqlı  orta almada lif 4,4 qram, qabıqsız isə bunun yarısı qədərdir. Bundan əlavə, alma qabığında bol miqdarda C vitamini var.

Eyni orta ölçülü alma götürürük və məlum olur ki, onun tərkibində 8,4 mq C vitamini var. Biz onu təmizləyirik və cəmi 6,4 mq qalır. Alma qabığında, həmçinin A vitamini və güclü antioksidant təsiri olan flavonoid - quercetin var. Bu maddə allergiya ilə mübarizə aparmağa və ürəyi qorumağa kömək edir.

Ancaq  almanı qabıqsız yeməyi xoşlasanız da, qabığını atmayın- onunla çox maraqlı şeylər bişirmək olar. Məsələn, ona yağ, şəkər və üyüdülmüş darçın əlavə etməklə sobada alma çipsləri etmək olar.

Balqabaq

Balqabaq, badımcan kimi demək olar ki, bütün qida maddələrini öz qabığında toplayıb. Üstəlik, onların bir çoxu istilik müalicəsindən sonra da saxlanılır.

"Balqabaq B, PP, E, C, K vitaminləri, antioksidantlar, mikroelementlər, dəmir, maqnezium, kalium, fosfor və lifin əla mənbəyidir" dedi İrina Borodina. - Oksidləşdirici stressin təsirini azaldır, detoksifikasiya edən fermentlərin fəaliyyətini bərpa edir.

Bundan əlavə, balqabaq yağlarında çoxlu doymamış yağ turşuları və mikroelementlər var, sinklə zəngindir, ödqovucu təsir göstərir, qaraciyərdən metabolik məhsulların çıxarılmasını təşviq edir və lipid mübadiləsini normallaşdırır və beləliklə qaraciyərin əsas funksiyasının - detoksifikasiyanın öhdəsindən gəlməyə kömək edir.

Balqabaq qabığını yemək çox çətin görünür? Əslində isə elə deyil. Birincisi, bəzi növlərdə nisbətən yumşaqdır. Məsələn, hokkaydo və ya muskat balqabağı. İkincisi, hamısı yemək üsulundan asılıdır. Balqabaq şorbası və ya balqabaq kürüsü edə bilərsiniz.

Balqabaq bişmiş və ya qızardılmış ola bilər - istilik dəydiyi zaman qabıq daha yumşaq olacaq.

Badımcan

Badımcan B vitaminləri, C, PP vitaminləri və karotinlə zəngin olan aşağı kalorili məhsuldur. Tərkibində bədən üçün lazım olan kalium, dəmir, kalsium, maqnezium, natrium və fosfor kimi minerallar da var.

Əslində badımcanın pulpası 92% sudan ibarətdir və onun bütün qidaları qabığındadır. Yeri gəlmişkən, bitki qlikozidləri antosiyaninlər onun bənövşəyi rənginin əsas səbəbidir. Onlar xolesterol səviyyəsini aşağı salır, bədəndə iltihabın inkişafının qarşısını alır və antiseptik kimi işləyirlər. Ən məşhur antosiyaninlərdən biri nasunindir. Bədəni oksidləşdirici stresdən və hüceyrə zədələnməsindən qoruyur. Ən çox badımcan qabığında tapılır. Buna görə dietoloqlar onları təmizləməyi məsləhət görmürlər.

Üzüm

Üzümün qabığı onun şirinliyini “oğurlaya” bilər. Bu, xüsusilə yaşıl üzümdə belə olur. Buna görə də, bir çoxları üzümün şirəli dadından zövq almaq üçün onu adətən soyurlar. Bu addım da lazımsızdır.

"Yaşıl üzüm güclü enerji kompleksi daşıyır, xüsusilə də insanın daxili sistemini gücləndirir və bədənə bütün digər məhsulları daha yaxşı mənimsəmək imkanı verir", -deyə dietoloq rusiyalı İnna Zorina bildirib. Yaşıl sakitliyin rəngidir. Belə məhsulları qəbul etsəniz, insanda sinir sistemi və ürək ritmi bərpa olunur, narahatlıq azalır, qan damarları təmizlənir, qan təzyiqi normallaşır.

Bundan əlavə, üzüm qabığı digər meyvələrlə müqayisədə ən yüksək antioksidant konsentrasiyasına malikdir. Üzüm qabığında isə mürəkkəb resveratrol var - o, təbii antibiotik kimi çıxış edir.

Əks göstərişlərə gəlincə, üzüm narahat bağırsaq sindromu və diabet üçün tövsiyə edilmir.

Nubar Süleymanova, “İki sahil”