28 mart 2023 00:58
2902

İngilislərin maraqlı ənənələri

İngilislər öz milli adət-ənənələrinə  sadiq olan insanlar kimi tanınmaqdadır.  Böyük Britaniyanın müxtəlif yerlərindən olan insanların  qeyri-adi ənənələri haqqında  məlumatları təqdim edirik.

Merin çəkisini ölçürlər

1937-ci ildən bəri  Bukingemşir ştatının Hay-Vikom  şəhərində mer və onun müşavirlərinin çəkisini çəkmək adət halına gəlib. Bu şəhərdə   may günlərinin birində şəhər sakinləri bələdiyyə binasına toplaşaraq məmurların çəkilərini ölçürlər.

Burada yaşayan insanların düşüncələrinə görə məmurların çəkisi tez artırsa, deməli onların  əlləri təmiz deyil. Bu cür  halda bələdiyyə sədri və onun  komandası işdən azad edilir. Lakin tutduğu vəzifədən azad edilmədən öncə o,  məsxərəyə qoyulur və onun üzərinə insanlar tərəfindən  çürük tərəvəz, meyvə və yumurta qalıqları atılır.

Pendir yarışı

Hər il İngiltərənin Qlosterşirdə yerləşən  Kupers Hill qəsəbəsində əyləncəli və travmatik yarışlar keçirilir. Bu yarışda  kifayət qədər sıldırım dağdan   bir baş pendir  iştirakçılara tərəf atılır. Pendiri tuta bilən iştirakçıya xüsusi mükafat verilir.

Qeyd edək ki, yarışlar əyləncə xatirinə keçirilsə də, lakin həmin gün  xəsarət alanlar da olur. Bədbəxt hadisə nəticəsində  boynunu  qıran  bir iştirakçıya görə, bu yarışlar  2010-cu ildə  qadağan edilsə də, lakin buna baxmayaraq   son illərdə  qeyri-rəsmi şəkildə keçirilməyə davam edir.

Həyat yoldaşı ilə qaçış

Surrey ştatının Dorkinq şəhərində uzun müddətdir ki, bəyin həyat yoldaşını  qucağına alaraq qaçmağı artıq bir ənənəyə çevrilib.  Səbəbi məlum olmayan  bu qeyri-adi qaçış növü yerli əhali tərəfindən çox sevilir. Burada yaşayan insanların düşüncələrinə görə  bu  adət bədəni və ruhu gücləndirir.  Bildirilir ki, Dorkinqdə yaşayan  kişilər həyat yoldaşlarını  çiyinlərinə götürərək ən azı  400 metr qaçmalıdırlar.

Çörəyin paylanılması

Bizə uşaqlıqdan çörəyin müqəddəs olduğunu və onu heç bir halda  atmamağı öyrədiblər. Lakin  Oksfordşir ştatının Abingdon əhalisi bunu nədənsə edirlər. Burada  orta əsrlərdən bəri şəhər merləri kral ailəsində baş verən əlamətdar hadisələri qeyd edərək  şəhər qalasının qülləsindən sıravi vətəndaşların üzərinə  çörək atırlar. Onların düşüncələrinə görə, beləliklə onlar çörəyi yoxsullara  paylamış olurlar.  Əgər əvvəllər bu tədbirdə yalnız kasıblar iştirak edirdisə, bu gün çörəyin paylanmasına  bütün şəhər sakinləri və turistlər toplaşır.

Toyuq yarışları

Artıq 100 ildir ki, Derbişirin Bonsolle kəndində ev toyuqları üçün yarışlar keçirilir.  Həmin  yarışma mütləq sakit bir yerdə  baş verir ki, "idmançıların" diqqəti yayınmasın. Çox maraqlıdır ki, yarışda qonşu kəndlərdən gətirilən  toyuqlar da  iştirak edir.

Palçıq arxında üzmək

Llanurthyd Vells bataqlığı hər il burada  keçirilən  üzgüçülük yarışı ilə ziyarətçiləri cəlb edir. Palçıq arxında üzən iştirakçılar xüsusi maskalar və digər  avadanlıqlar ilə təmin olunurlar.

Ən gülməli üz

Egremontun  sakinləri hər il toplaşaraq qeyri-adi mərasim keçirirlər.   Həmin mərasimin qaydalarına görə, üzünü   ən gülməli formaya salan iştirakçı mütləq mükafatlandırılır.

Torpaq qurdlarını çıxarmaq

"Wormcharming" adlı çox qeyri-adi bir yarışma Devonun Blekton əhalisi tərəfindən illər boyunca keçirilməkdədir. Bu yarışmanın qaydalarına görə, torpaqdan  qurdu ən tez çıxaran şəxs qalib olur.

Saman ayısının yürüşü

Hər il Kembricşir ştatının Utlesi şəhərində keçirilən  festival  bir çox insanların marağına səbəb olub. Belə ki, həmin gün  samandan hazırlanmış ayı kostyumunda bir insan  şəhərin küçələrində  keçirilən bayram yürüşündə iştirak edir.  Parad mahnı və rəqslərlə axşama qədər müşayiət olunur. Sonunda isə  hamının müşayiəti ilə samandan hazırlanmış   kostyum yandırılır.

Gicitkanı kim yeyəcək?

Dorset ştatının Marşvud şəhərində baş tutan qeyri-adi hadisə 30 ildən artıqdır ki, hər il keçirilir. Müsabiqə zamanı münsiflər heyətinin nəzarəti altında gicitkan  iştirakçılar tərəfindən yeyilir. Bu yarışın   yaradıcısı ötən əsrin 80-ci illərinin ortalarında gicitkan kolunu cəsarətlə yeyən yerli sakindir. Qeyd etmək lazımdır ki, Marşvudda keçirilən bu  yarış  bir çox ölkələrdə də keçirilməyə başlayıb.

Yanan çəlləklər ilə qaçış

Otteri St Meri  Devon qəsəbəsində  1605-ci ildən məşhurlaşan və  zibil, kağız və saman qarışığı ilə doldurulmuş yanan çəlləklə qaçmaq ənənəsi mövcuddur.  Bu  qaçış çox təhlükəlidir, çünki yanan çəlləklər  çiyinlərdə daşınmalı və yerə yuvarlanmamalıdır.

Samirə Tağıyeva, “İki sahil”