KÖŞƏ

Qvami Məhəbbətoğlu

Keçi can hayındadır, qəssab isə piy axtarır

13 aprel 2018 00:04
3208

Ermənistanda yenə aləm qarışıb. Belə ki, 10 il Ermənistana rəhbərlik etmiş Serj Sarkisyanın baş nazir olmaq həvəsinə düşməsinə qarşı çıxan erməni müxalifətinin “Serji rədd et” təşəbbüs qrupunun üzvləri aprelin 13-də əhalini Azadlıq meydanına dəvət ediblər. Hətta Ermənistan parlamentinin “Yelk” partiyasından olan müxalifətçi deputatları - Ararat Mirzoyan və Lena Nazaryan iclas zalında tüstü fişəngləri yandırmaqla müxalifətin bu addımını dəstəkləyiblər. Onlar mitinqə gələcək şəxslərlə birgə “azadlıq məşəli” yandırmaq istədiklərini də dilə gətiriblər.

Müxalifətçiər Ermənistanın tarixinə ən fəlakətli siyasi xadim kimi düşən, ölkəni zibilxanaya çevirən (bu ifadə Amerikada çıxan “The Daily Caller” qəzetindəndir), beynəlxalq aləmdə də fəaliyyəti mənfi dəyərləndirilən sabiq prezident Serj Sarkisyanın bu arzusunu ürəyində qoymaqda israrlı görünürlər.

Onlar bunu Serj Sarkisyanın idarəçiliyi dövründə respublika əhalisinın başqa ölkələrə köçüb getməsi ilə əlaqədar sayının azalması, dövlət borclarının, yoxsulluğun səviyyəsinin artması ilə əsaslandırırlar. Məlumatlara görə, son 10 ildə Ermənistanın xarici borcları 1,5 milyard dollardan 7 milyard dollar çatıb, yoxsulluğun səviyyəsi isə 30 faizdən çoxdur. Rəsmi qurumların açıqladığı statistikaya əsasən, 2008-ci ildə Ermənistanda əhalinin sayı 3 milyon 230.1 min nəfər olub. 2018-ci ilin yanvar tarixinə olan məlumata görə, bu rəqəm 2 milyon 972.9 min nəfər təşkil edib. Üstəlik, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Aprel döyüşlərindəki məğlubiyyət də Serj Sarkisyanın ayağına yazılıb... Ən əsası isə Ermənistanın Serj Sarkisyanın dövründə regional və beynəlxalq miqyaslı bütün layihələrdən kənarda qalmasını ölkənin gələcəyini düşünən müxalifət həzm edə bilmir. Hətta bəzi müxalif qüvvələr Ermənistanın düşdüyü girdabdan çıxmasının yeganə mümkün yolunu Dağlıq Qarabağ regionunun işğalından əl çəkməsində və iqtisadi cəhətdən güclü olan dövlətlə - Azərbaycanla yaxınlaşmaqda görürlər. Onlar Prezident İlham Əliyevin işğal faktı ilə bağli atacağı növbəti addımlardan da ehtiyatlanırlar.

Yeri gəlmişkən qeyd edək ki, aprelin 9-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “...bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq.  Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq”.

Lakin müxalifətin inadına rəğmən, sabiq prezident Serj Sarkisyan min bir hiylə ilə hökumət başçısı vəzifəsini ələ keçirməkdə israrlıdır. Hətta baş nazir vəzifəsinə namizədliyi irəli sürülmüş Sarkisyan bu vəzifəni heç kimə güzəştə getmək niyyətində olmadığını da açıq bəyan edib. O, baş nazir olacağı təqdirdə isə 2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, yenidən ölkədə real hakimiyyət sahibinə çevriləcək. Xatırladaq ki, Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarə-üsuluna keçib. Bu üsula uyğun olaraq prezident məhdud səlahiyyətlərə malikdir, belə ki, ölkəyə rəhbərliyi baş nazir həyata keçirir.

2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz silah tətbiq etməklə onlarla günahsız vətəndaşın ölümünə bais olmasında, indiyə qədər həmin qətllərə siyasi qiymət verilməməsində, heç kimin cinayət məsuliyyətinə cəlb edilməməsində, işğal etdikləri Azərbaycan torpaqlarında itkilər verilməsində və bu kimi cinayətlərdə adı hallanan Serj Sarkisyan nazir postunu ələ keçirməklə öz əməllərini sığortalamaq, səhvlərini aradan qaldırmaq, bir sözlə, gələcək fəaliyyətində “dönüş” yaratmaq istəyir.

Serj Sarkisyanı bu məsələdə dəstəkləyən isə onun hakimiyyəti dövründə “mühüm” nailiyyətlərə imza atıldığını iddia edən yeni seçilmiş prezident Armen Sarkisyandır... Yeni prezidentin Serj Sarkisyanı müdafiə etməsi heç də səbəbsiz deyil. Axı Armen Sarkisyanı dövlət başçısı postuna məhz Serj Sarkisyan yerləşdirib.

Göründüyü kimi,  Serj Sarkisyanın baş nazir vəzifəsini qəsb etməyə hazırlaşması Ermənistanda vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bu isə Ermənistana təbii ki, əlavə başağrısı gətirəcək. Amma bütün bunların heç birini, daha doğrusu, Ermənistanın düşdüyü durumu sabiq prezident Serj Sarkisyan öz maraqları naminə əsla vecinə almır və baş nazir postundan gözünü çəkmir. Burada deyirlər də, keçi can hayındadır, qəssab isə piy axtarır.