27 mart 2024 02:18
466

Kirakosyanın həyasızlığı

Bu il martın 29-da ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır. Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi - bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur. Şübhəsiz, bu, riyakarlıqdan savayı bir şey deyil. Çünki bu, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiasında olduğunu bildirməklə yanaşı, Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıdığını beynəlxalq tribunalarda açıq-aydın bəyan edən Nikol Paşinyanın sözü ilə əməlinin qətiyyən eynilik təşkil etmədiyini bir daha ortaya qoyur. Yəni, Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. 

Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir. Bir sözlə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırmaqla, bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparmaqla regionda vəziyyəti gərginləşdirməyə cəhdlər edir. Halbuki, martın 17-də Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqla birgə mətbuata bəyanatında bildirdiyi kimi, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik: “Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”. Öz havadarlarının sifarişlərini yerinə yetirən Hayastan rəsmilərinin belə addımları isə bir daha göstərir ki, onları bölgədə sabitlik, əmin-amanlıq əsla maraqlandırmır. Elə bu kimi səbəblərdən Qərbi Azərbaycan İcması Fletçer Məktəbini belə bir təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırıb.

Yeri gəlmişkən qeyd edək ki,  Beynəlxalq Ədalət Məhkəməsi ötən il noyabrında Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib. Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin Məhkəmə Ermənistanın BMT agentliklərinin Qarabağ bölgəsinə səfəri ilə bağlı ölkəmizə qarşı bütün iddiaları mahiyyətcə əsassız sayıb. Üstəlik, mədəniyyət abidələri, eləcə də müvafiq ittihamlarla saxlanılan qanunsuz separatçı rejimlə əlaqəsi olan şəxslərlə bağlı Ermənistanın iddialarına əhəmiyyət verməyib. Bu isə o deməkdir ki, Vətən müharibəsindən sonra Azərbaycan ədalət mühakiməsinin də qalibidir. Yəni, Ermənistan üzərində zəfər beynəlxalq hüquq müstəvisində də davam edir.  
Belə olan təqdirdə Yeqişe Kirakosyan nəyə nail olmaq istəyir?

Yəqin, Kirakosyan bilməmiş deyil ki, 30 il ərzində Azərbaycanın əzəli torpaqlarını viran qoyan, Xocalı soyqırımını törədən, soydaşlarımıza digər faciələr yaşadan, Ağdamın, Füzulinin daşını-daş üstdə qoymayan, 1 milyon insanı evindən, elindən-obasından didərgin salan, 8 kəndləmizi hələ də işğal altında saxlayan onun təmsil olunduğu  təcavüzkar Ermənistandır. Belə olan təqdirdə görəsən o, hansı üzlə ictimaiyyət qarşısına çıxmaq fikrinə düşüb?  Görünür, həyasızlıq onun və onun kimilərin yol yoldaşıdır. Əgər belə olmasaydı, belə addımlar atılmazdı.

...Elə bütün bu cinayətlər görə Ermənistan ədalət məhkəməsi qarşısında cavab verəcəkdir.  O gün isə uzaqda deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”