23 may 2024 16:27
242

Dostluğun dərin kökləri və tarixi var

Azərbaycanla İran arasında münasibətlər tarixi keçmişə söykənir. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır və hər iki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Mayın 19-da Azərbaycan və İran Prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi Azərbaycan və İran münasibətlərində yeni tarixi mərhələnin əsasını qoymuş oldu. Azərbaycan öz milli maraqları çərçivəsində bütün ölkələrlə, xüsusilə də qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və öz xarici siyasətində də bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsi istiqamətində addımlar atıb. Bu xüsusda cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər də bizim üçün hər zaman xüsusi əhəmiyyət kəsb edib.

 Prezident İlham Əliyev tədbir zamanı bu fikirləri bildir­mişdi: “Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mə­rasim İran–Azərbaycan əlaqələrinin ta­rixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəm­lidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru, təbii ki, dostlarımızı sevin­dirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqları­na və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da bir­likdə olacağıq. İran–Azərbaycan əlaqələ­ri bölgəmizdə sabitliyin önəmli şərtidir. Təbii ki, belə gözəl layihə xalqlarımızın rifahını yaxşılaşdıracaq və iş yerlərini artıracaq, beləliklə uğura doğru növbə­ti addım olacaq. Əminəm ki, gələcəkdə buna oxşar birgə layihələrin sayı çox ola­caqdır”.

İran Prezidenti də mərasimdə sə­mimi fikirlər səsləndirmişdi: “Allahın adı ilə. Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və bir­gə müzakirəmizi yenidən nəzərdən ke­çiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazır­da biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalq­larımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.

Bu mərasimin ən mühüm və təsirli anı ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşmələri idi. 44 günlük vətən müharibəsində qazandığımız zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”.Bu tədbir həm İran-Azərbaycan münasibətlərinin bərpası və inkişafı, iqtisadi imkanların artması və şaxələnməsi baxımından, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərin də buna əsas yaradır: “ İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”.

Ümumiyyətlə, Azərbaycan-İran əlaqələri son illərdə getdikcə yüksəlir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir- siyasi, iqtisadi, mədəni, elmi və s. İqtisadi sahədə bir sıra müştərək müəssisələr yaradılıb- avtomobil zavodu, dərman fabriki və s. Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodu tikilir. Azərbaycanın 50-yə yaxın şirkəti İran iqtisadiyyatına investisiya yatırıb. İranın Astara şəhərindək dəmiryolunun çəkilməsinə Azərbaycan 60 milyon dollar investisiya ayırıb. Eyni zamanda, ticarət əməliyyatlarının dövriyyəsi ildə təxminən 30 faiz artır.

Bu gün, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra bu körpü Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Şimal-Cənub Dəhliz tam gücü ilə işə başladıqdan sonra həm qarşılıqlı ticarət, həm də tranzitdən hər iki ölkə böyük gəlirlər əldə edəcək. İki qardaş və qonşu ölkənin iqtisadi əməkdaşlıq potensialı indiki həcmlərdən dəfələrlə yüksəkdir. Müxtəlif sənaye sahələrində, aqrar sektorun inkişafında tərəflərin bir-birinə yardım etməsi hər iki tərəf üçün faydalı olacaq. İran hərbi sənaye, yüngül sənaye, yeyinti sənayesi, nanotexnologiya, tibb sahəsi, maşınqayırma və aqrar sektorda güclü imkanlara malikdir və Azərbaycanda bu sahələrdə müştərək müəssisələr yaradıla bilər. Azərbaycan isə neft sənayesi, energetika, kimya sənayesi kimi sahələrdə İrana öz töhfələrini verə bilər.

Əlavə olaraq dövlətimizin başçısı İlham Əliyev bir daha hamının diqqətinə çatdırdı ki, uzun fasilədən sonra bu gün Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa çox yaxındırlar. Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Azərbaycan bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, ilk növbədə əlbəttə ki, məhz regionda yerləşən ölkələrin, bu ölkələrdə yaşayan xalqların maraqlarını nəzərə almalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub və İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev "İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı", – deyərək bu itkinin təkcə İran xalqına, dövlətinə deyil, bütün müsəlman aləminə üz verdiyini diqqətə çatdırıb: "Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı".
Onunla son görüşünü diqqətə çəkən Cənab Prezident bunun tarixi bir görüş olduğunu qeyd edib: "Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər".

Taleh Yusifov,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun şöbə müdir müavini,
YAP Xətai rayon təşkilatının üzvü