30 iyun 2024 17:12
164

“Tianlong-3” raketinin stend sınağı uğursuz olub

Çinin “Space Pioneer” şirkəti bazar günü “Tianlong-3” daşıyıcı raketinin uğursuz statik sınağını həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə aerokosmik şirkət məlumat yayıb.

Bildirilib ki, qəza Pekin vaxtı ilə saat 15:43-də Qonqi şəhərində (mərkəzi Henan əyaləti) baş verib. Sınaq zamanı raketin gövdəsi ilə sınaq stendinin əlaqəsində struktur nasazlığı baş verib, nəticədə o, sınaq meydançasından qoparaq havaya qalxıb.

Sonra raketdəki kompüter avadanlığı sönüb və o, sınaq meydançasından təxminən 1,5 km aralıda dağlıq əraziyə düşüb. Yerə dəymə nəticəsində raketin gövdəsi dağılıb.

“Tianlong-3”, “SpaceX”in “Falcon 9”u ilə müqayisə edilir və maye yanacaqlı raketdir. Onun diametri 3,8 m, qalxma çəkisi isə 590 tondur. O, aşağı Yer orbitinə 17 ton, günəşlə sinxron orbitə isə 14 ton faydalı yük çıxara biləcək.

“Space Pioneer”in məlumatında deyilir: “Biz qüsurları mümkün qədər tez aradan qaldıracağıq və yeni məhsulların yaradılmasına və sınaqdan keçirilməsinə başlayacağıq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”