06 noyabr 2017 23:48
1055

Regionun sabit və təhlükəsiz inkişafının qarantı

Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı: regionun sabit və təhlükəsiz inkişafının qarantı

Son bir neçə gündə Azərbaycan yenidən dünya mediasında tirajlanan xəbərlərin mərkəzi fiquruna çevrilib. İndi beynəlxalq KİV-də Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata vəsiqə qazanan iki böyük layihə müzakirə mövzularının ana xəttini təşkil edir. Gündəmi zəbt edən mövzulardan biri oktyabrın 31-də açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu,  digəri isə ondan cəmi bir gün sonra baş tutan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı çərçivəsində prezidentlərin Zirvə görüşüdür.

Hər iki hadisənin mərkəzində Azərbaycan dayanır. Ölkəmiz bu layihələrin yönverici subyekti kimi xarakterizə olunur. Ümumiyyətlə, son illərdə  Azərbaycan ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq formatlarının əsas hərəkətverici həlqəsi kimi fəal siyasəti ilə diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasi kursu nəticəsində ölkəmiz işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlığın mərkəzi məkanına çevrilib. Həm də bu əməkdaşlıq yalnız sərhəd qonşularımızla məhdudlaşmayıb, Asiyanın və Avropanın bir sıra dövlətlərini də bu əməkdaşlıq müstəvilərinə cəlb etməyə nail olub. Prezident İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində bəzi hallarda maraqları uzlaşmayan dövlətlər belə ortaq əməkdaşlıq məxrəclərinə gətirilib. Bu, siyasi ekspertlər tərəfindən Azərbaycan Prezidentinin şəxsi siyasi xarizması ilə əlaqələdirilir.

Bu baxımdan, artıq bir neçə ildi Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan üçtərəfli əməkdaşlıq formatları beynəlxalq siyasətdə yeni tendensiya hesab edilir. Bunun nəticəsində formalaşan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatları böyük uğurla həyata keçirilir. Son illərdə həyata keçirilən böyük layihələr sayəsində Azərbaycan-Gürcüstan-Türkiyə formatı beynəlxalq siyasətdə artıq strateji əməkdaşlığın ən uğurlu nümunəsi kimi qiymətləndirilir.

Belə uğurlu əməkdaşlıq formatlarından biri də yenə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatıdır. Hər üç dövlət başçısının iştirakı ilə noyabrın 1-də Tehranda keçirilən Zirvə görüşü bu əməkdaşlıq formatının gələcəyinə şübhə ilə yanaşanların ehtimallarını sıfıra endirdi və mahiyyətcə strateji xarakter daşıdığını ortaya qoydu.

İlk növbədə onu qeyd edək ki, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin yaradılması, ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın həm İranla, həm də Rusiya ilə mövcud səmimi dostluq əlaqələri, qarşılıqlı anlaşmaya söykənən səmərəli əməkdaşlığı regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır. Bu baxımdan regionun iki böyük dövlətinin Azərbaycanın vasitəsilə çoxyönlü əməkdaşlığa cəlb edilməsi böyük siyasi hadisədir. 

Burada vurğulamaq yerinə düşər ki, son günlər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin region dövlətlərinin rəhbərləri ilə görüşləri intensiv xarakter almış və bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ən yüksək səviyyədə müzakirə edilmişdir. Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın və uzaq gələcəkdə region üçün olduqca müsbət nəticələr vəd edir. İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Bəhram Qasemi İRNA xəbər agentliyində dərc olunan sözügedən Zirvə görüşünün perspektivindən bəhs edən məqaləsində yazır ki, müasir dünyada beynəlxalq münasibətlər olduqca gərgin mərhələyə qədəm qoyub. Belə bir çətin məqamda üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulub inkişaf etdirilməsi mühüm xarakter daşıyır: “Bu gün dünyada dövlətlərin ittifaqlarda birləşməsi tendensiyası müşahidə olunur. Belə olan təqdirdə, regionun İran və Rusiya kimi böyük dövlətlərinin, eləcə də Qafqazın ən güclü və əhəmiyyətli ölkəsi olan Azərbaycanın bir araya gəlməsi milli maraqlara xidmət edir”. B. Qasemi bu məsələlərdə Azərbaycanın əhəmiyyətini məqaləsində ayrıca diqqətə çatdırıb.

Bütün bunlar Azərbaycanın regiondakı lider imicinin, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı birləşdirici rolun aydın təzahürüdür.

Əməkdaşlıq formatlarının mərkəzində, əsasən, sabitlik və təhlükəsizlik məsələləri dayanır. Bu baxımdan Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı da ilk növbədə regional təhlükəsizlik problemləri müzakirə olunmuş, bölgədə və ümumiyyətlə, bizim coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi prioritet olmuşdur.

Zirvə görüşündə gündəlikdə duran əsas məsələlərdən biri də üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın nəticələri olmuşdur. Bu istiqamətdə olduqca müsbət tendensiyanın olduğu qeyd edilmiş və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilmişdir. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilmişdir. Hər üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində olmuşdur. 

Məlumdur ki, Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin əsas təşəbbüskarı kimi bu layihələrin mərkəzində dayanır. Bu günlərdə işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas hissəsi kimi yüksək qiymətləndirilmiş və bütün dövlətlərin marağına uyğunluğu vurğulanmışdır. Bu baxımdan, Azərbayca-İran-Rusiya formatı “Şimal-Cənub” nəqliyyat dəhlizinin uğurlu perspektivindən xəbər verir. Bu nəqliyyat dəhlizi Hindistandan Avropayadək bütün dövlətlərin iqtisadi maraqlarına cavab verir.

Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı təkcə iqtisadi səmərəliliyinə görə deyil, geosiyasi əhəmiyyətinə görə də böyük qiymətə malikdir. Məlumdur ki, həm İranda, həm də Rusiyada Ermənistanın maraqlarını müdafiə edən müəyyən dairələr mövcuddur. Azərbaycan həyata keçirdiyi bu layihələrlə hər iki dövlətlə bütün sahələrdə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaqla həm də bu qüvvələri zərərsizləşdirə bilir və Ermənistanı faktiki olaraq oyundankənar vəziyyətə salır. Beləliklə, sözügedən əməkdaşlıq formatları mahiyyətcə həm də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ölkəmizin mövqeyini gücləndirən faktorlara çevrilir.

Taleh Turqut, “İki sahil”