03 noyabr 2024 10:26
181

Hakan Fidan Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə bağlı xəbərdarlıq edib

“İsrailin regionda aqressiv hərəkətləri ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha da güclənə bilər. Əgər o, İranın nüvə imkanlarını məhv etməyə cəhd etsə, münaqişənin başqa ölkələrə keçməsi ehtimalı artacaq”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hurriyet” nəşrinə açıqlamasında deyib

Onun sözlərinə görə, İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya sürgün etməkdir:

“Belə bir ssenari regionu daha böyük qeyri-sabitliyə sürükləyə bilər. İsrail ABŞ seçkilərindən sonra hərbi cavab tədbirləri ilə məhdudlaşmaya bilər. İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə imkanlarını sıradan çıxarmaq üçün addımlar ata bilər. Belə getsə, münaqişənin başqa ölkələrə keçməsi ehtimalı artacaq”.

Nazir əlavə edib ki, İsrail Fələstinin Həmas hərəkatı ilə danışıqlarda yeni şərtlər irəli sürməkdə davam edir:

“Bu, onun hərbi məqsədlərinə çatmaq üçün vaxt qazanmaq üçün danışıqlardan istifadə etdiyini nümayiş etdirir. Biz əvvəldən atəşkəs rejimini qətiyyətlə dəstəklədik, lakin tərəflərə Netanyahunun vaxt qazanmaq üçün danışıqları gecikdirdiyini bildirdik”.